Lavrov: "Hər iki tərəf itkinlərin siyahısını tərtib etməliydi"

Lavrov: "Hər iki tərəf itkinlərin siyahısını tərtib etməliydi"

Lavrov Qarabağa dair heç bir məxfi razılaşmanın olmadığını açıqladı

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Qarabağ məsələsindən və 10 noyabr üçtərəfli razılaşmasından danışıb.

Lavrov Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan, Dağlıq Qarabağda döyüş əməliyyatlarını dayandıran həmin razılaşmaya heç bir "məxfi əlavə" mövcud olmadığını vurğulayıb.

Belə "məxfi əlavələrin" mövcud ola biləcəyi haqda indiyədək Ermənistanda hakimiyyətin opponentləri danışırdılar.

"Heç bir məxfi əlavələr yoxdur. Və mən bunu görmürəm ki, hansı mövzular hansısa "sirlərin" predmeti ola bilər",-Lavrov deyib.

O, habelə Dağlıq Qarabağın Rusiyanın tərkibinə qatılmasının mümkünlüyü haqda təklifləri "ekzotik" adlandırıb. “Başa düşürəm, Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb, o cümlədən Ermənistan tərəfindən. Bizim heç buna yaxın gələn fikrimiz də yoxdur”,-nazir əlavə edib. Lavrov bildirib ki, Rusiya bundan sonra da regionda sülhün və stabilliyin təmin olunmasına yönələn həllin axtarılmasında Azərbaycana və Ermənistana kömək edəcək.

Rusiya xarici işlər naziri üçtərəfli razılaşmanın kifayət qədər effektiv yerinə yetirildiyini deyib və prezident Əliyevlə baş nazir Paşinyanın da belə qiymətləndirmə ilə çıxış etdiyini vurğulayıb.

Rusiya XİN rəhbəri həmin razılaşmada Dağlıq Qarabağın statusu məsələsinin yer almadığını xatırladıb. "Bu şüurlu şəkildə edilib. Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır",-Lavrov bildirib.

Rusiya xarici işlər naziri əsirlər barədə də danışıb. Deyib ki, əsirlər məsələsində əvvəlcə ermənilərin böyük problemi vardı. Hər iki tərəf itkin düşmüş adamların siyahısını tərtib etməliydi:

"Bu məsələ Azərbaycan və Ermənistan nümayəndələrinin Moskvada baş tutmuş davamlı diskussiyasının bir hissəsi olub. Əsirlər məsələsində daha çox problem erməni tərəfində yaranmışdı. Tərəflər siyahıları hazırladılar, Azərbaycan da siyahı. Amma böyük siyahı deyildi və hamısı dərhal olmasa da qaytarıldılar. Bundan sonra itkin düşmüş azərbaycanlılarla bağlı hansısa digər situasiya olmadı".

Nazir deyib ki, erməni tərəfi öz əsirlərinin siyahısını dərhal və tam təqdim edə bilmədi.(virtualaz.org)