Mirşahin ermənilərə qan udduran Qarabağ qazisini necə "öldürdü"?

Mirşahin ermənilərə qan udduran Qarabağ qazisini necə "öldürdü"?

Bu barədə tanınmış şair, keçmiş siyasi məhbus Bəxtiyar Hidayət sosial şəbəkədəki statusunda yazıb. Vetenugrunda.az şairin statusunu olduğu kimi təqdim edir:

"Mirşahin 2003-də Oruc Məmmədəliyevi tuturdu. İkinci qrup Qarabağ əlili idi Oruc. Məhkəmədə ANS-in "zərərçəkmiş" inə belə demişdi:Başını qaldır görüm döyüş harana yazılıb. Yüksək qan təzyiqi olan Orucu türmədə xəstəlik daha ağır vəziyyətə saldı. Nəticədə dünyanı vaxtsız tərk elədi. İndi də Kəraməti həbs etdirdi. Orucu bir kameraya görə həbs etdirmişdi. 14 milyon təzminat istəyirdi. Kəraməti "siçan dərmanı" na görə həbs etdirib. Adamı yandıran odur ki, hətta 2003-dən sonra da cəmiyyət Mirşahin inanırdı, Liderləri divana çəkirdi. İndimi tanıdınız Mirşahini? ŞEYX Nəsrullah Kefli İsgəndəri göndərdi içəri. Teleqrafçı Əli bəylər amin deyir. Hacı Həsən ağa utandığından üzə çıxa bilmir".

Qeyd edək ki, Qarabağ döyüşlərində ermənilərə qan udduran Oruc Məmmədalıyevi öldürənə ermənilər böyük məbləğdə pul mükafatı vəd etmişdilər.

Oruc Məmmədalıyev 1969-cu il dekabrın 13-də Cəbrayıl rayonunun Şahvəlli kəndində doğulub. 1991-1993-cü illərdə Qarabağda erməni işğalçılarına qarşı vuruşub. 1993-cü ildə Tuğ kəndi uğrunda gedən döyüşdə ağır yaralanıb. İkinci qrup Qarabağ əlili, Qarabağ Əlillər Cəmiyyətinin Cəbrayıl rayon şöbəsinin sədri idi.

Cəsur döyüşçü Qarabağ Əlillər Cəmiyyətinin 2001-ci ilin yanvar-fevral aylarında təşkil etdiyi ümumrespublika aclıq aksiyasının ən fəal iştirakçılardan olub. Həmin aksiyaya görə 2001-ci ilin fevralında digər döyüşçü qardaşları ilə birgə həbs edilib və siyasi sifariş əsasında məhkəmə hökmü ilə 6 il azadlıqdan məhrum olunub. Bir müddət sonra o vaxtkı dövlət başçısı Heydər Əliyevin fərmanı ilə əfv edilib.

O.Məmmədalıyev həbsdən çıxandan sonra da demokratik mübarizənin ön cərgələrində dayanırdı. 2003-cü ilin prezident seçkilərindən sonra öyrədilmiş şəxslərin AXCP qərargahı qarşısında keçirmək istədiyi "aksiya" zamanı ANS-in kamerasının sındırmaqda ittiham (məhkəmədə də sübuta yetirilmədi bu ittiham) edilərək əsassız şəkildə həbs olunub və 4 ay Bayıl təcridxanasında saxlanılıb. Halbuki məhkəmədə Orucun bu işi törətdiyi sübut olunmayıb. Amma buna baxmayaraq, məhkəmə qərarı ilə o, etmədiyi cinayətə görə 14 milyon manat vəsait ödəyib. Məhz bu saxta ittihama görə vətən uğrunda sağlamlığını itirmiş döyüşçü 4 ay həbsdə yatarkən yüksək qan təzyiqi xəstəliyinə düçar olub.

O.Məmmədalıyev 2006-cı il 17 may tarixində yüksək qan təzyiqi ilə Topçubaşov adına Eksperimental Xəstəxanaya gətirilərək kəskin qan laxtalanmasından əməliyyat olunub. Əməliyyatdan sonra səhhəti normallaşsa da, həmin gün axşamçağı vəziyyəti qəfildən pisləşib. Həkimlər yenidən əməliyyat aparmalı olub. Əməliyyat vaxtı elektrik enerjisi kəsildiyindən, həkimlər prosesi şam işığında davam etdirib. Ancaq bu əməliyyatdan sonra Oruc özünə gəlməyib. Həmin gün saat 20:30 radələrində O. Məmmədalıyev dünyasını dəyişib. O, mayın 18-də Beyləqan rayonunda - atasının, bacısının və digər qohumlarının uyuduğu qəbiristanlıqda torpağa tapşırılıb.

Ailəli idi. Bu vətən üçün iki yadigarı qalıb - bir oğlu, bir qızı.

Allah rəhmət eləsin, ruhu şad olsun!

P.S

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq