Müəllimlikdən Şəhadətə ucalan YOL-Şəhid Millət Əliyev

Müəllimlikdən Şəhadətə ucalan YOL-Şəhid Millət Əliyev

23 avqust Qarabağ müharibəsi Şəhidi Millət Əliyevin mübarək mövlud günüdür.

Vetenugrunda.az oxucularına qəhrəman döyüşçümüzü xatırladacaq.

Millət Söhbətəli oğlu Əliyev 1961-ci ilin avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbi əlaçı olaraq bitirərək, Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil olub. Universiteti müvəfəqiyyətlə başa vuran Millət Əliyev 1983-cü ildə təyinatla Cəlilabad rayonuna göndərilib. 3 il həmin rayonda riyaziyyat müəllimi işləyib, sonra doğma Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə öz pedoqoji fəaliyyətini davam etdirib.

Millət Əliyev 1993-cü ilin yanvar ayının 12-də Vətənin müdafiəsinə könüllü şəkildə qoşulub. İlk döyüş yolu Ağdərə rayonundan başlayıb, Qubadlıda, Laçında, Ağdamda qəhrəmancasına döyüşüb, düşmənə ağır zərbələr endirib.

O, Madakez kəndi uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. Buradakı ağır döyüşlər zamanı Millət Əliyev düşmənin bir tankını və "9M-114" markalı raketini məhv edib. Bu döyüş nümunəsinə görə baş leytenant Millət Əliyev komandanlığın təşəkkürünə layiq görülüb, mükafatlandırılıb.

Baş leytenant Millət Söhbətəli oğlu Əliyev Tərtər döyüş bölgəsinə göndərilib. O, burada da düşmənin həlledici qüvvələrinin qarşısını alaraq düşmənə ağır zərbələr endirib. 1994-cü ilin may ayının 1-də M.Əliyev hərbi tapşırığı yerinə yetirərkən qəflətən ağır yaralanıb və Şəhid olub. O, Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Baş leytenant Millət Əliyev evli idi. Turan və Fərrux adında iki oğlu canından çox sevdiyi vətəninə əmanət qalıb.

Sumqayıtda 41 saylı tam orta məktəbdə onun büstü var.