Putin Laçına görə narahatdır

Putin Laçına görə narahatdır

Putin Laçına görə ötən gecə iki dəfə Paşinyana zəng vurub

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən gecə iki dəfə telefon danışığı olub. Bu haqda Paşinyan özünün Facebook səhifəsində məlumat verib. Teelefon danışığının gecə saat 1 radələrində baş tutduğu bildirilir.

"Müzakirələrin əsas mövzusu Laçın dəhlizi boyu yaşayış məntəqələri ilə əlaqəli məsələlər, xəbərsiz itkin düşənlər, axtarış işləri, həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi, habelə regionda nəqliyyat kommunikasiyalarının açılması olub",-Paşinyan bildirib.

Onun sözlərinə görə, belə müzakirələr müntəzəm olaraq, bəzən gündə bir neçə dəfə aparılır. “Heç də həmişə bu müzakirələr barədə məlumat açıqlanmır, çünki təmaslar tez-tez olur və işgüzar xarakter daşıyır”,-Paşinyan belə yazıb.

10 noyabr üçtərəfli razılaşmasına əsasən Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlardan sonuncusu-Laçın rayonu dekabrın 1-də Azərbaycanın nəzarəti altına qaytarılacaq. Razılaşma Dağlıq Qarabağla Ermənistan arasında gediş-gəliş üçün 5 kilometr enində dəhlizin ayrılmasını da nəzərdə tutur. Həmin dəhliz Rusiya sülhməramlılarının nəzarətindədir.

Laçın şəhərinin özü də bu dəhlizə düşdüyü üçün hazırda bu yaşayış məntəqəsinə kimin nəzarət edəcəyi məsələsi açıq qalır.

Ermənilərin Laçında formalaşdırdıqları qondarma "administrasiya" orada qanunsuz məskunlaşmış ermənilərə köçməyi məsləhət görüb. Çünki Laçında idarəçiliyin Azərbaycan tərəfində olacağı haqda məlumatlar var. Nəticədə Laçında qanunsuz məskunlaşmış ermənilər evləri yandıraraq oranı tərk etməyə başlayıblar.(virtualaz.org)