Qarabağın açarı Ərdoğana verildi

Qarabağın açarı Ərdoğana verildi

Prezidentlər Füzuli aeroportunun açılışında iştirak ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana gəlib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Aeroportunda Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb. Aeroportda Ərdoğanın şərəfinə rəsmi qarovul düzülüb, Türkiyə prezidentinin təyyarəsindən əvvəlcə onu müşaiyət edənlər, nümayəndə heyətinin üzvləri düşüblər. Bir qədər sonra Ərdoğan özü təyyarədən enib və Əliyev onu qarşılayıb, iki lider qucaqlaşıblar, söhbət edə-edə rəsmi açılış mərasiminin keçiriləcəyi yerə gediblər.

Prezidentlər - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Füzuli aeroportunun lentini kəsib.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Qarabağın simvolik açarlarını təqdim edib.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.