Şuşanı qoruyan Albert

Şuşanı qoruyan Albert

Bu gün Şəhid Albert Aqarunovun döğum günüdür.

Vetenugrunda.az bu gün oxucularına Şəhidimizi xatırladacaq.

Albert Aqarun oğlu Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edib. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb. O, Suraxanıda maşınqayırma zavodunda işləyib.

Qarabağ müharibəsi başlayanda Aqarunov cəbhəyə könüllü yazılıb. 

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb.

1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir.

Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış T-72 tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.

Aqarunovun döyüşdüyü "Səbayıl" tank taborunun komandiri Hacı Əzimovun xatirələrindən:

"T-72 tankları mürəkkəb idi. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədirdi".

Albert Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında Şəhid olub.

Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış Şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.

Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyurdu. Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Albert subay idi. Canından çox sevdiyi vətəninə onun şərəfli ömür yolu örnək olaraq yadigar qaldı.

 Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.

2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilib. 2019-cu ildə Bakının Nərimanov rayonunda ona heykəl qoyulub.

2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası "Qarabağ qəhramanları" silsiləsindən onun haqda "Dostuma məktub" filmini çəkib. Filmin ssenari müəllifi və rejissoru Yefim Abramovdur.

2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkib.

 Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

O, "Vətən Övladı" və Həzi Aslanov ordenləri ilə təltif edilib.

Ruhu şad olsun!