Talış yüksəkliyində Şəhadət zirvəsinə ucalan Tural Qurbanov

Talış yüksəkliyində Şəhadət zirvəsinə ucalan Tural Qurbanov
Sentyabr ayı Şəhidlərimizin mübarək mövludunun daha çox təsadüf etdiyi aydır. Vetenugrunda.az oxucularına aprel döyüşlərində Şəhadətə ucalan Tural Qurbanovu xatırladacaq. Qurbanov Tural Gurşad oğlu 1992-ci ilin 11 sentyabrında Kürdəmir rayonunun Sığırlı kəndində anadan olub. O, 2010-cu il oktyabrın 25-də hərbi xidmətə yollanıb. Hərbi xidmətinin 6 ayı tamam olandan sonra o, ailəsinə Xüsusi Təyinatlı Qüvvələrə yazılmaq istəyini bildirir və 2011-ci ildən etibarən Tural artıq gizir kimi xidmətə başlayır. Apelin 2-də Ağdərə Rayonunun Talış kəndində Talış yüksəkliyində Şəhid olur. Atası deyir ki, həmin döyüşdə Murad Mirzəyev komandir, Tural istehkamçı olub, qabaqda gediblər. Teymur Qasımov, Mühit Orucov, Babək Abidov da onlarla birlikdə olublar. İri çaplı silahlarla son nəfəsə qədər ermənilərlə döyüşüblər. Muradgilin qrupu ermənilərin xeyli canlı qüvvəsini məhv edib.Düşmən onları susdurmaq üçün ərazini top atəşinə tutub. Hərbçilərimizin şəhid olduğuna arxayınlaşandan sonra gəlib cəsədlərini götürüb getmişdilər. Oğlumla eyni döyüşdə iştirak etmiş hərbçilər deyirdilər ki, Tural əsl qəhrəmanlıq göstərib. Murad Mirzəyev komandir kimi onlara əmr edib ki, geri qayıtsınlar, özü irəli tək gedəcək. Ancaq yanındakı 5 nəfər deyib ki, komandir hara, biz də ora. Əslində başqa cürə olad dabilməzdi. Turalın 2 metr boyu var idi. Mən onu əvvəldən qorxmaz bir igid kimi böyütmüşdüm. Fikirləşirdim ki, hər zaman bu Vətənin müzəffər əsgəri olacaq, onu qoruyacaq. Bu qədər tez şəhid olacağını düşünməmişdim. Fikirləşirəm ki, kaş ki, yaralı qayıdaydı, ancaq canı sağ olaydı. Yanımda olaydı. Mən 20 yanvarda həmişə ehsan verərdim. Bizim ailədə hər zaman vətənpərvərlik ruhu yüksək olub. Axırda öz oğlum da onların sırasına yazıldı". 2013-cü ildə ailə həyatı qurub Tural. Onun canını fəda etdiyi vətəninə iki övladı əmanət qalıb Zəhranur və Zeleyha. Şəhidimizi "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı və "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif ediblər.