Tatarlının nur üzlü Şəhidi- Nurlan Qasımov

Tatarlının nur üzlü Şəhidi- Nurlan Qasımov

Bu gün Şəhid Nurlan Qasımovun doğum günüdür. 

Vetenugrunda.az Şəhidimizin xatirəsini əziz tutaraq, haqqında oxuculara məlumat verəcək.

Nurlan Qasımov 1997-ci ilin 6 may günündə Şəmkir rayonunun Tatarlı kəndində anadan olub. O, 2016-cı ilin aprel ayında Ermənistan ordusunun işğalçı əməliyyatı zamanı qəhrəmancasına Şəhid olub. Aprelin 6-sı isə Nurlan Qasımov doğulduğu Şəmkir rayonunun Tatarlı kəndində dəfn edildi. 

Zəyəm çayının üstündə yerləşən Tatarlı kəndində Nurlan Qasımovun adını daşıyan bulaq var. Şəhidimizin adına bu bulağı onun atası Cəmil Qasımov inşa etdirib.

Evin tək oğlu olan Nurlanın atası Bakıda sürücü işləyir. Nurlan uşaqlqıdan evin bütün qayğısını atası ilə bərabər çəkib.

O, Şəhid olduğu günü tağım komandiri Taryel Hüseynovun ağır yaralnadığını görür və 3 dostu ilə birgə onu səngərə gətirib yerləşdirib, özləri döyüş meydanına geri dönürlər. Döyüş yoldaşları üçün fədakarlıq edən Nurlan 3 dostu ilə birgə Şəhid olur. Ermənilərin atdığı mərmi 3 igidimizin ömrünə son qoyur.

Ailəsi deyir ki, hərb sənətini çox sevirmiş. Hətta onu məzuniyyətə buraxanda da evə dönməyib. Deyib əsgəri xidmətini bitirməyinə 9 ay qalıb. 9 ayı bitməmiş, Şəhid tabutunda evlərinə döndü.

Nurlan Qasımov ölümündən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Ruhu şad olsun!