Türkiyəli Satçkalyanın "Nemezis"i, Ramil Səfərovun susqunluğu...

Türkiyəli Satçkalyanın "Nemezis"i, Ramil Səfərovun susqunluğu...

Hələ də azərbaycanlılar Macarıstanda erməni Qurgeni öldürən Ramil Səfərovun haqlı olub olmadığını müzakirə edərkən dedim oxucularımıza Türkiyəli Satçkalyanın yaratdıöı "Nemezis" haqqında məlumat verim. 

Bu əslində ermənilərin Daşnaksütyun Partiyasının keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi qondarma erməni soyqırımını və guya Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas almaq olub. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də, Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Bəs niyə əməliyyata "Nemezis" adı verilib? Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülüb.

Əməliyyatın keçirilməsi erməni ictimai-siyasi xadimi, yazar Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun Partiyasının IX qurultayında qərara alınıb.

Qeyd edək ki, Şaan Natali Satçkalyan (1884-1983) Elazığda doğulub. Boston Universitetində təhsil alıb. O, "Nemezis"in yaradıcısı və əsas qatillərdən biri olub. O, Daşnaksütyun Partiyasının Azərbaycan və Türkiyə bölmələrində uzun müddət çalışıb. Şaan (ermənicə Şahan) öncə "Nemezis"i maliyyələşdirmək üçün özəl fond yaratdı. Bundan sonra erməni varlılarından və Qriqoryan kilsəsindən yığılan vəsait hesabına ölkəsində "erməni soyqırımı” deyilən uydurmanı dərindən təbliğ elədi. 1920-ci ildə onun Daşnaksütyun Partiyası ilə arası dəyir. Bundan sonra o, müxtəlif qəzetlərdə jurnalist kimi fəaliyyətinə davam etdi. Onun "Türklər və biz", "Ankaradan görünən türkçülük", "Aleksondropol anlaşması" kitabları ermənilər arasında çox geniş yayılıb. O, 1983-cü ildə ABŞ-ın Massachusetts ştatının Vottertaun kəndində, 99 yaşında ölüb.

Şaan Natalinin yaradıcısı olduğu əməliyyat o qədər incəliklə hazırlanır ki, bu əməliyyatı həyata keçirənlər günahsız adamları qətlə yetirsələr də, heç biri həbs olunmur. Əksinə, məhkəmədən birbaşa azadlığa buraxılır.

Bu əməliyyat hazırlanarkən siyahı tutulur. Qara siyahıya Azərbaycanın və Türkiyənin ən yaxşı, say-seçmə oğullarının adları salınır. 650 nəfərin adı salınan siyahıda 41 nəfər əsas günahkar kimi qeyd edilir və əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır.

Orqanın rəhbəri isə Ermənistanın ABŞ-dakı elçisi Armen Qaro olur. Yenə də ABŞ…

Hər şey tam hazır idi. Əməliyyata başlamaq olar. Təşkilatçılar planı o qədər uzaqgörənliklə, o qədər məntiqlə cızmışdılar ki, hətta mətbuatı da ələ almışdılar. İndiki kimi.

Hələ bu harasıdır. Görün ermənilər bizim öz əlimizlə öz başımıza necə qapaz vururlar (tam indiki kimi). Bu əməliyyatda informasiyanın yığılmasını özünü türk tələbə kimi qələmə verən Qraç Papazyan üzərinə götürmüşdü. O, mühacirətdə yaşayan "gənc türklərlə" çox sıcaq əlaqələr qurmuşdu. Əməliyyatın iki əsas mərkəzindən biri Bostonda, digəri isə Türkiyədə yerləşirdi.

"Nemezis"in qurduğu əməliyyat ermənilərə böyük uğur gətirdi. Onlar BİZİ qırdılar. Sözün bütün mənasında BİZİ qırdılar. Elə qırdılar ki, hələ də özümüzə gələ bilmirik. Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa, Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi Paşa, keçmiş Trabzon valisi Cəmal Əzim "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal Paşanı qətlə yetirirlər.

"Nemezis"in ələ keçən qatillərinin işinə Britaniya hərbi tribunalı baxır. Britaniya məhkəməsi qatil Misak Torlakyanın qətli törətməkdə günahkar bilir, lakin əlavə edir ki, Torlakyan qətli törədərkən "affekt" vəziyyətində olduğundan məsuliyyət daşımır. Digər qatillər Edvard Fundukyan və Arutun Arutunyansı isə guya həbs edə bilmirlər. Tələt Paşanın qatili Soqomon Teyleryan Berlin məhkəməsi tərəfindən bəraət alır və azadlığa buraxılır. Soqomon Teyleryan təkcə Tələt Paşanı deyil, onlarla günahsız insanı qətlə yetirmişdi. O, 1920-ci ildə İstanbulda terrorçuların türklərlə əməkdaşlıqda günahlandırdığı bir neçə ermənini də öldürmüşdü.

O, "Qınçaq" Partiyasının keçmiş üzvü, 1914-cü ildə erməni terrorçularının Tələt Paşaya qarşı hazırladığı sui-qəsd barədə polisə xəbər verdiyi üçün Hamayak Aramyantsı da öldürmüşdü.

Biz Şaan Natalini, "Nemezis" əməliyyatını daha yaxşı tanımalı və daha dərindən öyrənməliyik. Bunu Qarabağı və Ramil Səfərovun ömrünü xilas etmək istəyən hər kəs öyrənməlidir.

Bu gün erməni dərsliklərində bu terror təşkilatı və onun qatilləri erməni xalqının xilaskarları kimi təbliğ edilir. Gəlin görək Azərbaycan gəncliyi "Difai"ni tanıyırmı? Niyə görə Ermənistanın Şirak vilayətində Osmanlı dövlətinin baş naziri Mehmet Tələt Paşanın qatili Soqomon Teyliryana qoyulan abidəyə Türkiyə hökuməti etiraz etmədi? Soqomon Teyliryanın ayağının altında Tələt Paşanın kəsilmiş başı dayanır.

İkinci Dünya müharibəsi dönəmində təkcə türklərin deyil, minlərlə rusun, gürcünün, polyakın, yəhudinin və digər millətlərin qatili olan Qaregin Nijdeni almanlar "işgəncə kralı" adlandırırdılar. O, alman əsirliyində olan rusların və yəhudilərin üzərində ağlasığmaz işgəncə üsullarını sınaqdan keçiridyinə görə belə "şərəfləndirilmişdi". Bu gün İrəvanda Nijdenin heykəli göylərə ucalır. Onun İrəvanda heykəlinin ucalmasına Rusiya hökuməti etiraz etsə belə ermənilər öz "qəhrəmanlarını" rusun marağına qurban vermədi.

Bu gün İrəvanda ailə quran erməni cütlüklər Qareginin abidəsini ziyarət edir və erməni xalqı üçün onun qədər çalışacaqlarına and içirlər. Bəs Bakıda niyə görə öz torpaqları uğrunda Şəhid olan Mübariz İbrahimovun belə bir heykəli ucaldılmadı? Niyə?

Niyə bu gün Azərbaycanda, paytaxtımızda "Difai"nin yaradıcısı Əhməd bəy Ağaoğlunun əzəmətli abidəsi ucaldılmadı? Niyə?

Ermənilərin Xocalıda soyqrımı törətmiş Arabo batalyonunu məhv edən Gəncə batalyonunun komandiri Mehman Ələkbərovu Gəncədə 18 güllə ilə öldürdülər. Bəli, 18 güllə ilə. Bu qədər amansızlığa nə ehtiyac var idi? Axı onu öldürən erməni deyildi. Mehman isə Gəncədə qiyamı yatırmaq və qoşunun üzünü işğal olunmaqda olan torpaqlaraımıza yönəltmək üçün ordaydı. O zaman bu istək kimə sərf etmədi?

Erməni Qurgen bayrağımızı təhqir etdiyi üçün onu baltalayn Ramil Səfərov isə bu gün günahsız yerə həbsə atılan, şərlənən, minbir işgəncəyə məruz qalan Qarabağ qazilərinə, Babək Həsənliyə, Saleh Rüstəmliyə və digər qazilərimizə qarşı edilən zülümləri görmür? Niyə görə, icra başçılarının qapısından qovduğu Şəhid analarını müdafiə etmir? 

Macarıstanda xalqımıza, bayrağımıza qarşı edilən haqsızlığa etiraz edən Ramil Səfərov niyə azadlıqdaykən, öz vətənində bu cəsarəti özündə tapmadı? Niyə susdu?

Bu gün Azərbaycanın daha çox kimə ehtiyacı var: Əhməd bəy Ağaoğluna, yoxsa Ramil Səfərova? Bəlkə erməniyə qan udduran, uğurlu Başkənd əməliyyatının komandiri Saleh Rüstəmliyə?

Ermənilərin Şuşada andiçmə mərasimini keçirməyə bunlardan hansı mane olacaqdı? Bəlkə Mehman Ələkbərova və ya Mübariz İbrahimova? Çox heyif ki, itirdiklərimiz qazandıqlarımızla müqayiqsə olunmayacaq qədər böyükdür. Torpaqlarımızdan tutumuş, insanlarımıza qədər.

Telekanallarımızda isə şou və tolerantlıqdan bəhs edilir. Bu iki mövzu bir-birinə çox sıx bağlıdır. Torpağını əlindən alıb, qadınını zorlayan düşmənə tolerantcasına yanaşmaq üçün mütləq "kefli manıs" olamlısan, vəssalam.

Arzu Abdulla