Xocalının qisasını alan Şəhidimiz-Mehman Ələkbərov

Xocalının qisasını alan Şəhidimiz-Mehman Ələkbərov

Azərbaycan hər zaman qəhrəman oğulları ilə böyükdür. Bu gün onlardan birinin-Xocalı soyqrımını törədən qatillərdən qisas alan igidimizin, Şəhid Mehman Ələkbərovun mübarək mövlud günüdür.

Vetenugrunda.az oxucularına Mehman Ələkbər oğlu Ələkbərovu xatırladacaq.

Mehman Ələkbərov 1957-cı ildə Gəncə şəhərində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.

1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak edib.

Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoyub.

Xatırladaq ki, Arabo batalyonu Xocalı soyqrımında iştirak edib, bir rayonun əhalisini uşaqlı-böyüklü qətlə yetirmişdi. Mehman Ələkbərov Gəncə batalyonu ilə birlikdə ermənilərin qürur mənbəyi olan Arabo batalyonunu məhv etdi.

O, Ağdərənin Qasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanıb.

Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən "azərbaycanlı" snayperin açdığı atəşlə qətlə yetirildi. "Azərbaycanlı" snayper ona 18 güllə vurmuşdu. 36 yaşlı komandir hadisə yerindəcə dünyasını dəyişmişdi.