Zəngilandan Ermənistana 3-cü yol çəkildi

Zəngilandan Ermənistana 3-cü yol çəkildi

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faizinə yeni nəzarətçi "seçilmiş" Araik Arutyunyan işğalçı ölkənin dövlət sərhədlərimizi növbəti dəfə pozmuş ərazi və infrastruktur naziri Suren Papikyanla birlikdə Qubadlı və Zəngilan rayonlarımıza səfər edib.

Bu haqda sosial şəbəkələrdə və erməni mediasında məlumat yayılıb.

Separatçı-terrorçu erməni rejiminin rəhbəri və işğalçı ölkə naziri Zəngilan rayonunda Ermənistan və Azərbaycan Respublikası ərazilərini birləşdirəcək 3-cü yolun tikintisinə hazırlıq işləri ilə tanış olublar.

A.Arutyunyan bəyan edib ki, Xankəndi-Şuşa-Laçın-Gorus və Xankəndi-Ağdərə-Kəlbəcər-Basarkeçər yollarından sonra Hadrut(Xocavənd rayonu) ərazisini Ermənistanın Sünik mərzi(Qafan şəhəri) ilə birləşdirəcək bu yeni yol "Qarabağda yeni və böyük məskunlaşdırma və iqtisadi inkişaf proqramlarının həyata keçirilməsinə" şərait yaradacaq.

Xatırladaq ki, Moderator.az hələ 2018-ci ildə bəhs edilən yolun çəkilişinə hazırlıq getməsi haqda məlumat verib.

Separatçı erməni lider və Ermənistan naziri nəzarət etdikləri Azərbaycan torpaqlarında taxıl biçini işləri ilə də maraqlanıb, yerli icma nümayəndələri ilə səyyar müşavirə keçiriblər. (moderator.az)