Ayətullah Şeyx Əbdürrəhim Badkubei

Ayətullah Şeyx Əbdürrəhim Badkubei

 Ayətullah Şeyx Əbdürrəhim Badkubei, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən, ali məqamlı fəqihlərindən biridir. O 1877-ci ildə (1294h.q) Bakının Bülbülə qəsəbəsində dünyaya göz açmışdır.

Mədrəsə dərslərini və bir sıra müqəddimə tipli dini hövzə dərslərini məntəqənin alim və ruhanilərindən öyrənmişdir.Cavan yaşlarında, o Tehran dini hövzəsinə gedir.

Hədis, üsul, fiqh, kəlam və riyaziyyat elmlərini oradakı elmi-mənəvi məqamlara sahib olan alimlərdən bəhrələnir. Ardınca elm və fəzilət dolu azuqə ilə birlikdə Müqəddəs Nəcəf şəhərinə səfər edərək, bu nurlu diyarın Ayətullahul uzma Seyyid Muhəmməd Kazim Təbatəbai Yəzdi, Ayətullahul uzma Axund Molla Muhəmməd Kazim Xorasani kimi böyük alimlərin elm xəzinəsindən bəhrələnərək, islam elmlərində ali müctəhidlik məqamına sahib olur.

Xüsusən Axund Xorasanidən müctəhidlik icazəsi almaq şərəfinə nail olur. O, on beş il müqəddəs məkanlarda qaldıqdan sonra Tehrana qayıdır. Məşrutə inqilabında iştirak edir.

İngilis istismarçılarının planlarına qarşı bir sıra tədbirlər görür. İslam ölkələrinin geyim formasını tərtib edib İraqın alim və fəqihlərinə göndərir. Bunu istismarçıların yad mədəniyyətlərinin qarşısın almaq üçün edir. Bu addım bir çox islam məntəqələrinin o cümlədən Osmanlı xilafətinin təşviq və təqdirini qazanır. Osmanlı xilafəti Əbdürrəhim Badkubeiyə qızıl medal göndərir və ona müxtəlif dini ləqəblər bildirir.

Birinci dünya müharibəsinin başlaması ilə birlikdə 1914-cü ildə atası ilə birgə Bakıya qayıtmağa qərar verir.Lakin atasının vəfatı və qardaşının ruslar tərəfindən öldürülməsi ilə çarəsiz qalaraq, Hindistanın Bombey şəhərinə gedir. Orada geniş miqyaslı ictimai fəaliyyətlərə başlayır. Azyaşlı kimsəsiz uşaqlar üçün mədrəsələr inşa edir, öz şəxsi büdcəsi hesabına onların təlim-tərbiyəsi ilə məşğul olur.

Qeyri dinə mənsub olan minlərcə uşağı islam tərbiyəsi ilə yetişdirib müsəlman və Əhlibeyt (ə)-tərəfdarı edir. Qızlar üçün də eyni minvalla mədrəsələr açaraq, iyirmi iki il öz şəxsi məvacibi ilə onu maliyələşdirir. Bombeydə çox sayda Əhlibeyt (ə) tərəfdarlarının artmasında xüsusi rola sahib olur.

Şeyx 1935-ci ilin mart ayında təşkil edilmiş Beynəlxalq Şiə Konfransının fəal təsisatçılarından və tanınmış simalarındandır. Bu Allah yolunun dəyərli xidmətçisi 1937 ci ilin yanvar ayında (1355 h.q) ürək çatışmamazlığı üzündən vəfat edib.