Bütün sərvətini yoxsullara paylayan Şəxsiyyət

Bütün sərvətini yoxsullara paylayan Şəxsiyyət

İmam Rzanın (ə) fəzilətlərindən nümunələr İmam Rzanın (ə) fəzilətlərindən nümunələr

İmam Rza (ə) da digər məsum imamlar kimi, bütün əxlaqi və insani fəzilətlərin ən ali mərtəbəsinə sahib idi; o Həzrəti dostlar kimi, inadkar düşmənlər də mədh etmiş, fəzilət və üstün səciyyələrindən söz açmışlar. İbrahim ibn Abbas İmam Rzanın (ə) gözəl əxlaqı barəsində belə nəql edir: "Mən İmam Rzadan (ə) daha üstün bir şəxs görməmiş və olduğunu da kimsədən eşitməmişəm. O, hamı ilə insaf və ədalətlə rəftar edər, heç kəsin sözünü kəsmə, bir möhtacı əliboş qaytarmaz. Onunla bir yerdə oturanın qarşısında ayaqlarını uzatmaz, ondan əvvəl belini dayamazdı.

Xidmətçilərinə acı söz deməzdi, süfrə başına öz xidmətçiləri ilə birlikdə oturardı. Heç vaxt qəh-qəhə ilə gülməzdi, gecələr az yatar və çox vaxt ehya saxlayar, gecələri ibadət və münacatla keçirərdi.

Hamıya yaxşılıq edər və çoxlu sədəqə verərdi. Çox vaxt sədəqələri gecə paylayardı". ("Həyatul-imam Muhəmməd Cavad", səh. 37.)

İmam Rzanın (ə) ibadəti

İbadət İmam Rzanın (ə) mənəviyyat və təqva ilə dolu həyatının böyük hissəsini təşkil edirdi. İmamı (ə) görən şiələri nəql edirlər ki: "Hər dəfə o Həzrəti görəndə, Allah-Taalanın bu kəlamı yadımıza düşərdi:

كَانُوا قَلِيلًا مِّنَ اللَّيْلِ مَا يَهْجَعُونَ

"Onlar (təqvalılar) gecənin az bir hissəsini yatırdılar". ("Zariyat"/ 17.)

Şəbravi belə deyir: "İmam Rza (ə) həmişə gecəni sübhə qədər namaz qılardı..." ("Əl-ittihaf bihubbil-əşraf", səh. 59.)

İmam Rzanın (ə) səxavəti

İmam Rzanın (ə) ən çox xoşladığı iş yoxsullara yardım etmək idi. O Həzrət Xorasanda olarkən "Ərəfə" günü bütün malını yoxsullara payladı. Bunu görən Fəzl ibn Səhl dedi: "Bu, ziyana uğramaqdır". İmam (ə) buyurdu: "Əksinə, bu qənimətdir. Savab qazandıqların zərər sayılmaz". ("Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqı", Ustad Baqir Şərif əl-Qürəşi, səh.272.)

İmam Rza (ə) qulları azad və onlara yardım etməsi

İmam Rzanın (ə) mühüm işlərindən biri də qulları azad etmək idi. Rəvayətlərdə deyilir ki, o Həzrət (ə) həyatı boyunca min nəfər qul azad etmişdir. ("Əl-ittihaf bihubbil-əşraf", səh.258.)

İmam Rza (ə) qullara çox yardım edərdi. Abdullah ibn Səlt, bəlxli bir kişidən belə nəql edir: "İmam Rza (ə) Xorasana səfər edərkən onunla birlikdə idim. Yemək zamanı qaradərili və başqa qulları ilə birlikdə süfrə başına oturdu. Mən dedim: "Sənə fəda olum, əlkə bunlara ayrı bir süfrə ayırasan?"

Həmin şəxs istəyirdi ki, İmam (ə) qara qullarla bir süfrədə yemək yeməsin. İmam (ə) isə onun cavabında buyurdu: "Həqiqətən, Allah birdir, ana da birdir. Cəza və əvəz isə əməllərə görə verilir".

Bəli, İmam (ə) süfrə başında oturanda bütün işçi və xidmətçilərini çağırıb onlarla birlikdə yemək yeyərdi". ("Peyğəmbər (s) və Əhli-beytin (ə) əxlaqı", Ustad Baqir Şərif əl-Qürəşi, səh.235.) Maide.az