Cənnət, Cəhənnəm və əməllərin hazır olması

Cənnət, Cəhənnəm və əməllərin hazır olması

Bir çoxları soruşurlar ki, ölümdən sonrakı həyat da bu dünya kimidir, yoxsa bu dünya ilə fərqi var?

Cavabda deyilir: Əldə olan əsaslardan məlum olur ki, o dünya ilə bu dünya arasında həddən artıq fərq var. Bu dünyada qiyamət haqqındakı məlumatımız uzaqdan görünən qaraltı kimidir.

Yaxşı olar ki, yenə də uşağın ana bətnindəki dövrünü misal gətirək. Ana bətni ilə bu dünya arasında fərq var. Bəlkə ikincinin fərqi birincidən də çoxdur.

Əgər ana bətnindəki körpənin, ağılı, düşüncəsi olsaydı və bu dünya barədə fikirləşib onda olanları təsəvvürünə gətirmək istəsəydi, şübhəsiz ki, buna imkan və qüdrəti çatmazdı. Gördüyü yer yalnız ana bətni olan körpə üçün dünyanı, günəşi, ulduzları təsəvvür etmək, əlbəttə, mümkün deyil.

Axirətlə bu dünyanın fərqi də bu qədər, hətta bundan da artıqdır. Buna görə də, biz Cənnət nemətlərini və eləcə də Cəhənnəm əzablarını olduğu kimi təsəvvür edə bilmərik. Gəlin, bu yerdə axirət aləmini təsəvvür etmiş bir hədisə müraciət edək: "Cənnətdə elə nemətlər var ki, onları nə bir göz görmüş, bu barədə nə bir qulaq eşitmiş, nə də onlar heç kimin ağlına belə gəlməmişdir."

Quran da bu barədə öz sözünü demişdir: "Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz." (Səcdə, 17). O dünyada olan qayda-qanun da bu dünyadakılardan fərqlənir.

Nümunə olaraq bunu demək olar ki, qiyamət məhkəməsindəki şahidlər insanın öz bədən üzvləri, hətta günah, yaxud savab işlətdiyi yer olacaqdır. Quran ayəsini buna sübut gətirmək olar: "Bu gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər." (Yasin, 65). Başqa bir ayədə deyilir: "Onlar öz dərilərinə "nə üçün əleyhimizə şəhadət verirsiniz?"-deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: Hər şeyi dilə gətirən Allah bizi danışdırdı."

Düzdür, axirət aləminin nemətləri, eləcə də əzabları barədə geniş, ətraflı məlumatımız olmasa da, bilirik ki, oranın nemət və əzabları insanın həm cisminə, həm də ruhuna aiddir. Çünki məadın iki cəhəti var: ruhani və cismani cəhət. Buna görə, nemət və əzablar da iki cəhətli olmalıdırlar.

Quran, nemətlərin cismə aid olması barədə buyurur: "İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. Onlar üçün orada hər cəhətdən pak olan zövcələr də var. Onlar orada əbədi olaraq yaşayacaqlar." (Bəqərə, 25).

Mənəvi və ruhani olan nemətlər barədə isə deyilir: "Allahdan olan bir razılıq isə (cismə aid olan nemətlərin hamısından) daha böyükdür." (Tövbə, 72). Bəli, Cənnətdəkilər Allahın onlardan razı qaldığını hiss etdikdə elə xoşhal olacaqlar ki, bunu heç bir nemətlə müqayisə etmək olmaz.

Cəhənnəm əhlinin də cismani əzablarından əlavə, Allahın onlardan narazılığı hər əzabdan artıq olacaq. Şübhəsiz ki, bu da onların ruhunu həddən artıq əziyyətə salacaq.

Əməllərin təcəssümü (Əməllərin qayıdışı) Maraq doğuran və diqqəti cəlb edən məsələlərdən biri də qiyamətdə insanın gördüyü əməllərin dirilməsi, qayıtmasıdır. Bunu Quranın bir çox ayələrindən görürük. İnsanların mükafatlanması və günahlarının cəzasına çatmasında əməllərin hazır olması böyük rol oynayacaq. Məsələn, bunların bir neçəsini nümunə olaraq göstəririk.

Zülm və ədalətsizlik qara bulud şəklində insanlarının başının üzərini alacaq. Hədisdə deyildiyi kimi "Zülm qiyamət günü zülmət şəklində hazır olacaq."

"Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək." (Nisa, 10) "(Ya peyğəmbər!) Qiyamət günü mömin kişi və qadınların iman nurunu onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən." (Hədid, 12)

"Sələm yeyənlər qəbirlərindən ancaq cin vurmuş (dəli) kimi qalxarlar.» (Bəqərə, 275) "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu, onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. (Belə ki, heç hərəkət etmək iqtidarında olmayacaqlar.)" (Ali-İmran, 180) Digər yaxşı və pis əməllər də hərəsi özünə münasib şəkildə aşkar olacaq. Bilirik ki, bu gün elm bizə dünyada heç bir şeyin yox olmadığını sadəcə olaraq öz surətini dəyişdiyini deyir.

Maddə və enerji daima dəyişir. Bu iki şeydən xaric olmayan insanın əməlləri bu sübuta əsasən dəyişməsinə baxmayaraq, əbədi olaraq qalır.

Quran bu məsələni kiçik, lakin mənalı bir ifadə ilə açıqlayır: "İnsanlar (dünyada) etdikləri bütün əməllərin hazır durduğunu görəcəklər." (Kəhf, 49). İnsanlar qiyamətdə öz əməllərinin nəticəsini görəcəklər və heç kəsə əməlindən artıq (və ya əskik) zülm edilməyəcək. Necə ki, Quran buyurur: "Rəbin heç kəsə haqsızlıq etməz." (Kəhf, 49). Başqa bir ayədə əməllərin qiyamətdəki hüzuru barədə deyilir: "O gün (qiyamət günü) insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir)" (Zilzal 6, 8) Bu ayələrdən məlum olur ki, insanın yaxşı və ya pis olmasından asılı olmayaraq, böyüklü-kiçikli bütün əməlləri qeydə alınır.

Qiyamətdə hamısı öz sahiblərinə təqdim olunacaq. Buna görə də, pis əməllərdən uzaq, yaxşə əməllərin isə tərəfdarı olmaq lazımdır. Təəccüblü budur ki, bu günkü dövrdə texnikanın inkişafı ilə əlaqədər olaraq bu işlərin bir qismini (keçmiş əməlləri qoruyub saxlamağı) elə bu dünyada əks etdirən aparatlar düzəldilmişdir.

Alimlərdən biri deyir: "Bu günkü dövrdə iki min bundan qabaqkı Misir dulusçularının səslərini özündə əks etdirən aparatlar düzəlmişdir. Misir muzeylərində iki il bundan qabaq düzəldilmiş kuzələr indi də qorunub saxlanır.

Bu kuzələrin düzəldilməsində xüsusi çarxlardan istifadə olunmuşdur. Çarxların və ustaların səsi kuzələrə düşmüşdür və indi təzəcə kəşf olmuş aparatların köməyi ilə həmin səsləri eşitmək olur. İnsan bu səsləri asanlıqla eşidə bilər." Əməllərin hazır oluşunu nəzərə almaqla məad, günahkarların cəzalandırılması və möminlərin mükafatla təltif olunması barədə meydana çıxan suallara cavab vermək olar.