24-36 dəfə aşağı faizlə Gürcüstana, Belorusiyaya verdiyimiz kreditlər geri qaytarılacaqmı?

 24-36 dəfə aşağı faizlə Gürcüstana, Belorusiyaya verdiyimiz kreditlər geri qaytarılacaqmı?

Azərbaycan hökuməti xarici ölkələrə borc verərəkən həddindən artıq səxavətli olur. Bəzən bu borcların geri qaytarılacağına inam da azalır.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə iqtisadçı alim, Rutgers Universitetinin professoru Qubad İbadoğlu sosial şəbəkə profilində geniş açıqlama verib.

Yazını olduğu kimi təqdim edirik:

"İlham Əliyevin "mən özüm Gürcüstana 725 dollar (əslində 775 milyon dollardır) borc vermişəm" açıqlmasına münasibətimi əks etdirən postuma əlavə olaraq bunları demək istərdim.

1) Azərbaycan təxminən 10 il bundan əvvəl illik 1 faizlə Belarus hökumətinə 300 mln, Gürcüstana 775 mln. dollar kredit ayırıb. Vaxtında bu kreditlərin illik faiz dərəcəsinin Azərbaycanın özünün xaricdən aldığı kreditlərlə müqayisədə ən azı 3-5 dəfə, sahibkarla verilən güzəştli kreditlərlə və sosial ipoteka ilə müqayisədə 6 dəfə, istehlakçılara verilən kreditlərə nisbətdə isə 24-36 dəfə aşağı olduğunu qeyd etmişdim. Gürcüstana 25 il müddətinə, illik 1 faizlə verilən kreditin geri qaytarılacağına inanmadığımı da bildirmişdim.

2) Bakı-Tiflis- Qars (BTQ) dəmiryolunun tikintisində külli miqdarda korrupsiya halları qeydə alınmasına və bu layihənin rentabelsiz olmasına baxmayaraq BTQ-nin 2020-ci ilin 10 noyabrınadək Azərbaycan üçün strateji əhəmiyyət daşığını nəzərə alaraq onu indiyə qədər tənqid etməmişəm və son postda niyyətim BTQ-ni tənqid etmək olmayıb. Bu açıq aşkar görsənir. Çünki, son postumda nə faiz, nə kredit, nə də korrupsiya və rentabellik məsələsinə münasibət bildirməmişəm.

Niyətim bu olub ki, dövlət borcu məsələsinə dair prezidentin açıqlaması yerində deyil, prezident bank deyil, fond deyil ki, özü kimə istəyir borc versin. Belə olanda yenə də şübhə yaranır ki, Lukaşenko Əliyevdən borc almaq üçün Bakıya son səfərini edib. Çünki, vaxtı ilə Lukaşenko İlham Əliyevdən (oxu Belarus Azərbaycandan) aldığı 300 milyon dolları, sadəcə bir zənglə həll etmişdi.

Lukaşenko bu səfəri zamanı etiraf etdi ki, Ermənistanla Azərbaycan arasında vasitəçilik edib, məbləğini açıqlamasa da İlham Əliyevin verdiyi pulla Qarabağdakı torpaqları geri almaq üçün Sarkisyanla danışıb. Amma bu barədə bizə ilk dəfə Sarkisyanla Lukaşenkonun telefon danışığından da məlum oldu ki, söhbət 5 milyard dollardan gedirdi.

İndiyə qədər bununla bağlı bir kəlmə də Azərbaycan hakimiyyətindən eşitmədik, yenə də Lukaşenko açıqlama verdi. Əziz izləyicilər, dəyərli dostlar, mənim etirazım onadır ki, dövlətin vəsaiti ictimai vəsait olduğuna görə onun üzərində sərəncam vermək hüququ 1 nəfərə məxsus deyil, hətta prezident bunu edibsə də onu "mən özüm borc verdim" şəklində ictimaiyyətə təqdim etməli deyil.

Buna yalnız etiraz etməmişəm, həm də təklif vermişəm ki, prezidentin çıxışı əvvəlcədən hazırlansın və oxunsun ki, dil şürüşüb başqa ifadələr işlətməsin. Nə baş verdi. Həmişəkindən fərqli olaraq, "prezident bilir nə edir sizin məsləhətinizə ehtiyacı yoxdur" təfəkkürlü trollarla yanaşı, sizin belə xırda məsələyə münasibəti bəyənmədim deyə şərhlər yazıb ictimai diqqəti əsas məsələdən yayındırıb, onu xırda məsələ kimi göstərməyə cəhd edən heç vaxt mənim divarımda şərh yazmayan hakimiyyətdən mənzil, pul alan və bəlkə də hələ almayan xeyli jurnalistlər də üzərimə gəldi.

Sözüm onlardır. Bu xırda məsələ deyil, bu böyük məsələdir, şəffaflıq və hesabatlıq məsələsidir. Mən 6 il beynəlxalq şəffaflıq təşkilatının idarə heyətində çalışmışam, belə məsələlərə görə yalnız Azərbaycan səviyyəsində deyil, qlobal səviyyədə də mövqe qoymuşam.

Bundan sonra da mövqeyimdən geri çəkiləsi deyiləm. Mənim mövqeyim də həmişə olduğu kimi Azərbaycanın maraqlarına.onu qorumağa xidmət edir. Azərbaycan kiçik ölkədir, sizin kimi jurnalistlər və mətbuat xidmətində çalışanlar da sayca çox deyil. Hər kəsin, xüsusilə də jurnalistlərin nə ilə məşğul olduğunu və necə dolandığını gizlətmək mümkün deyil. Trolların yazdıqları itib-batıb gedir, sizin yazdıqlarınız isə mətbuat tarixində qalır, düşünün ki, onu 50-100 ildən sonra da oxuyub, təhlil edəcəklər, heç olmazsa abrınıza qısılın, müvəqqəti də olsa sakit durun, haqsızlıqlara imza qoymayın!"