Gömrükdən daha bir qadağa...

Gömrükdən daha bir qadağa...

Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib

Vetenugrunda.az iqtisadçı alim, Rutrges Universitetinin professoru Qubad İbadoğlunun qərarla bağlı şərhini təqdim edir:

"Dəyişikliyə əsasən, ölkə ərazisinə gömrük rüsumu ödəmədən hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmamaq şərti ilə mallar gətirməyə icazə verilir.

Əvvəlki qərara əsasən bu məbləğ bir şəxs üzrə 1500 ABŞ dolları olub. Bundan əlavə, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətirilən malların dəyəri isə hər təqvim ayı ərzində 300 ABŞ dollarını keçməməlidir.

Əvvəlki qərara əsasən bu məbləğ bir şəxs üzrə 1000 ABŞ dolları olub. Fiskal məqsəd, yəni büdcəyə daha çox vəsait yığmaq üçün edilən bu dəyişiklik dolanışığını xaricdən mal alıb, gömrük rüsumu ödəmədən ölkəyə gətirən və daxildə satmaqla təmin edən xırda ticarətçilər üçün ağır zərbədir. Bu yolla ailə dolandıranların yalnız qazancları azaldılmır, həm də onlar bazardan sıxışdırılaraq çıxarılır.

Hesab edirəm ki, xüsusilə də pandemiya dövründə ölkəyə məqsədindən asılı olmayaraq malların gətirilməsi və idxalı qaydaları sərtləşdriilməli deyil, əksinə liberallaşdırılmalıdır ki, daxili bazarda əmtəə bolluğu təmin olunsun, qiymətlər də sabit qalsın. İndiki halda isə qəbul edilən qərarlar həm qiymətlərə artırıcı təsir göstərəcək, həm də poçt göndərilşlərinin azalmasına və bununla məşğul olan şirkətlərin dövriyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.

Bu tədbir həmçinin manatın devalvasiyanı ertələməyə xidmət edir, ölkədən valyuta çıxarılmasının məhdudlaşdırılması məqsədi daşıyır. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir. Yəni sentyabrın 20-dən tətbiq ediləcək".

Qərarda o da bildirilir ki, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3 000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur.