İlham Əliyev: Su insanların evinə çatmır...

İlham Əliyev: Su insanların evinə çatmır...

İlham Əliyev: Su əkin sahəsinə, insanların evinə çatmır

Prezident su ilə bağlı şikayət məktubları aldığını deyir

"Son vaxtlar mən bölgələrdən su qıtlığı, quraqlıqla bağlı məktublar alıram. Yerlərdə aidiyyəti qurumların laqeyd münasibətinə görə ciddi problemlər yaranıb. Daha çox fermerlər, sahibkarlar yazırlar. Su ilə bağlı rayonlardan hər gün 10-dan çox məktub gəlir".

İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədə belə deyib.

İlham Əliyev vurğulayıb ki, bu siqnallar nəzarətdədir və problem operativ qaydada həll olunur:

"Ancaq bu məsələlər kompleks şəkildə həll etməlidir. Keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik".

Prezident əlavə edib ki, əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün Azərbaycan yenidən bu problemlərlə üzləşməyəcəkdi:

"Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir…"

Prezident onu da deyib ki, kənd təsərrüfatını intensiv yollarla inkişaf etdirmək üçün kifayət qədər su mənbələri olmalıdır və bu var:

"Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur".

Prezident habelə layihələrin səmərəliliyinə diqqət çəkərək, bununla bağlı təhlil aparılmadığını deyib. Onun vurğulamasına görə, bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib:

"Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır".

Prezident bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyini söyləyib. İşə ilk növbədə nəzarət mexanizmini gücləndirməklə başlayacağını deyib:

"Yoxsa "Azərsu"dan, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan".

Müşavirədə iştirak edən Baş nazirin müavini Şahin Mustafayev isə deyib ki, hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su var:

"Bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olub".

Şahin Mustafayev bəzi tədbirlərin həyata keçirilməsini zəruri sayıb. Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanmalı olduğunu deyib:

"Bundan əlavə, qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanı araşdırılmalıdır. Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi məsələsinə də baxılmalıdır".

Son zamanlar ölkənin bəzi bölgələrində, əsasən də Aran zonasında su qıtlığı yaranıb. İnsanlar əkinə, gündəlik məişətdə istifadə etməyə və içməyə su tapılmadığını söyləyir. Problem Kür çayında suyun səviyyəsinin kəskin azalması ilə izah edilir.

Ekoaktivist Cavid Qara deyir ki, mövcud olan su problemi barmaq silkələməklə düzələn deyil. Belə ki, müvəqqəti yağışların Kürün səviyyəsinə təsiri çox az və ötəridir. Məsələnin kökündə son ilin quraq qışı dayanır:

"Ardından isə bunu nəzərə almamış kənd təsərrüfatı siyasəti gəlir. Kürün sululuğunun əsasını qar və buzlaqlar təşkil edir. Əsas da yay aylarında. Odur ki, sentyabra qədər Kür özünə gəlməyəcək".

Cavid Qara əlavə edir ki, hətta avqustda Kürün suyunun daha da quruyacağı gözlənir. O, bunun sadə məntiq olduğunu söyləyir:

"Möcüzəvi nəsə baş verməsə belə olur. Dağlara aramsız yağışlar gecikməsə, sentyabrda Kür özünə gələcək, geciksə oktyabrda. Və kənd təsərrüfatında ciddi reformlar olmasa, bu, hər il təkrarlanacaq. Qış otlaqlarını əkin dövriyyəsindən çıxarmaq lazımdır. Pambıqçılıq kimi sututumlu sahələri biryolluq ləğv etmək lazımdır.

Bir illik əkinlər çaylarda sululuğun proqnozuna uyğunlaşdırılmalıdır. Sudan ödənişsiz istifadələrin qarşısı alınmalıdır. Su sərfiyyatına proqressiv ödəniş tətbiq edilməlidir. Daha çox sərfiyyət artan qiymətlə ödənməlidir".(meydantv)