"Nazirlər hesabat vermək əvəzinə bir-birlərini satırlar"-Su problemi

"Nazirlər hesabat vermək əvəzinə bir-birlərini satırlar"-Su problemi

Ölkə başçısı İlham Əliyevin keçirdiyi müşavirədə ölkədəki su problemi müzakirə olunub.

Vetenugrunda. az müşavirə ilə bağlı iqtisadçı alim Qubad İbadoğlunun şərhini təqdim edir: "Prezident İlham Əliyevin su müşavirəsini izlədim. Bəlli oldu ki, prezidentin tapşırığı 6 ildir ki, icra olunmur, nazirlər isə hesabat vermək əvəzində bir-birlərini satırlar. Belə ki, 2014-cü ildə İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının su ehtiyatlarının qiymətləndirilməsi layihəsi üzrə Niderlandın "Deltares" şirkəti ilə müqavilə bağlanıb. Müqaviləyə görə, "Deltares" şirkəti bütün su balansının çıxarılması, həm yeraltı ehtiyatların, həm də yerüstü çayların, göllərin təhlili prosesi başlayıb. Amma sonra bu layihənin icrası dayandırıb.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov vəziyyətlə bağlı məruzə edərkən bu məlumatı bölüşdü və layihənin icrasının yarımçıq qalmasını müəyyən maliyyə çatışmazlıqları səbəbi ilə izah etdi. Maliyyə naziri Samir Şərifov deyib ki, "bu vəsaitin ayrılması ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olub. Həmin qərara əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon dollar yerdə qalan hissəsi ilə "Azərenerji" Səhmdar Cəmiyyəti tərəfindən görülməli idi. Lakin naməlum səbəblərə görə bu məsələlər öz həllini tapmadı.

Hər iki qurumun vəsaiti olub və 2014-cü ildə də "Deltares" şirkətinin apardığı texniki araşdırma ilə bağlı da burada mən sözün açığı hər hansı bir əsas tapa bilmirəm, nəyə görə bu vəsait olmayıb. Amma icazə versəniz, biz bununla bağlı müvafiq arayış təqdim edə bilərik". Bundan sonra çıxış edən Kəmaləddin Heydərov deyir ki, "bizim tərəfimizdən 2 milyon və xatirimdədirsə 3 milyon da Azərenerji tərəfindən ayrılmışdı və qalan hissəsini büdcə təmin etməli idi. Sonradan bu vəsait təmin olunmadığına görə layihə dayandırıldı". Bu da bərbad dövlət idarəçiliyi.

Prezident tapşırıq verir, məsul orqanlar icra etmir və icranın dayandırılması ilə bağlı prezidentə məruzə də etmirlər. Bununla bağlı məsuliyyət müəyyənləşdirmək və hesbat tələb etmək əvəzinə İlham Əliyev bu müzakirəni belə yekulaşdırır: "gərək, məsələ qaldıraydınız. Vəsait təmin olunmayıb, siz də məsələ qaldırmamısınız. Mən bu gün bunu eşidirəm. İndi Baş Nazirə tapşırıq verirəm ki, tez bir zamanda bunu həll edin və builki investisiya proqramından vəsait ayırın ki, bu məsələ tezliklə həll olunsun". Bu açıq aşkar sabotajdır.

Eyni zamanda bu göstərir ki, 2014-cü ildə "Deltares" şirkətinə verilən sifarişin dayandırlması su resurslarının uçotu və hesabatının qaydaya salınmasına marağı olmayan dövlət məmurlarının istəyi ilə baş verib. Onlar gözəl bilirlər ki, su balansı oğurluğun azaldılmasına gətirib çıxaracaq və buna imkan verməməklər 6 ildir ki, su oğurluqlarını davam etdirirlər. Nəticəsi isə çox ağırdır, hazırda ən çətin vəziyyətdə olan Neftçala və Sumqayıtda içməli su problemini həll etmək üçün əhali noyabrın axırınadək gözləməlidir. Prezident bununla razılaşdır, bəs əhali necə noyabradək susuzluğa dözə biləcəkmi?"