Zəngilanda aeport, "ağıllı kənd", günəş stansiyaları

Zəngilanda aeport, "ağıllı kənd", günəş stansiyaları

İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında deyib ki, "... bizim aeroportlar tikmək planlarımız təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Biz ərazinin abadlaşdırılması proqramlarını, Zəngilanın çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da aeroportlar tikməyi planlaşdırırıq.

"...Bu yaxınlarda "ağıllı kənd" layihəsi artıq gerçəkləşməyə başlamışdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək.

Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər layihə tam başa çatsın. Yəni, orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir."

P.S. Görünən odur ki, Qarabağda məcburi köçkünlər Cəbrayılın Cocuq Mərcanlı və Zəngilanın Ağaəli kəndində olduğu kimi məskunlaşdırılacaq. Bir neçə kənd birləşdiriləcək, yaşayış yerləri sosial infrastrukturla birlikdə kompakt şəkildə "ağıllı kəndlər" və "ağıllı şəhərlər" adı ilə bərpa olunacaq.

Bununla da daha çox əkinə yararlı torpaqlar sərbəst istifadə üçün boşalacaq ki, onların da becərilməsi müasir texnikaya və infrastrukturlara malik olan aqro-parklara veriləcək.

P.S. 30 ilə qədər torpaqlarını həsrətlə gözləyən, minlərlər şəhid verən məcburi köçkünlərdən soruşan yoxdur ki, sən harda və necə yaşamaq istəyirsən. Bu hakimiyyət onların rəyini nəinki öyrənmək, heç onlara alternativ seçim imkanları da vermək istəmir. Bəlkə, şəxsi imkanları olanlar dədə-baba yurdunda ev tikib orda yaşamaq istəyir. Qərar verməmişdən əvvəl Ağaəli kəndlərinin caamatını yığıb onlarla məsləhətləşmək aparmaq olmazdımı? Nədən, Qarabağda kimin harda və necə yaşamağını da hakimiyyət müəyyənləşdirməlidir"?

Qubad İbadoğlu

İqtisadçı alim