Komanda yoldaşı Teymur Rəcəbovu qınadı

Komanda yoldaşı Teymur Rəcəbovu qınadı

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında millinin heyətində iştirak etməyəcək.

Bu barədə məlumatı şahmat üzrə milli komandanın üzvü qrossmeyster Vasif Durarbəyli sosial şəbəkə hesabında paylaşıb.

Vasif Durarbəyli Teymur Rəcəbovu vətənpərvər olmamaqda qınayıb. Qrossmeysterin Teymur Rəcəbov haqqında yazdığı paylaşdığı fikirləri təqdim edirik:

"Komanda yoldaşı ilə problem olmasın deyə uzun müddətdir bu mövzuda fikir yazmaqdan yayınırdım. Birdən bəs Teymur Rəcəbov fikrini dəyişər və millidə oynayar amma bu baş vermədi. Adının nə qoyulacağını tezliklə bilərik.

Bu dəfə Azərbaycanın ilk olimpiya medalı qazanmaq üçün tarixi şansı yaranmışdı. Prinsipcə hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Rəcəbovun bu mövqeyə yetməsi üçün dövlət milyonlar xərcləyib. Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət, ən azından şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir.

Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti, yığmada isə ümumi xeyir üçün iştirak edir. Kimi Məmməd Arazın "Vətən mən oğul desə nə dərdim, mamır olub qayasında bitərdim", kəlamını əyani həyatımızda nümayiş etdirir. Kimi də Rəcəbov kimi milyonlarla yatırım alır amma sonsuz mənəvi məsuliyyətinin olduğunu görünür dərk etmir.

2019-da son anda yorğunluq bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-də 8 oyun mübarizəsiz heç- heçələr, indiki imtina və hələ bildiyim amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir. Qısası, məncə Rəcəbov iki əli qanda olsa belə özünü bu olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram".