Teymur Rəcəbov - 5 görüş heç-heçə

Teymur Rəcəbov - 5 görüş heç-heçə

Yenə uduzmadı – 5 görüş, 5 heç-heçə "Champions Chess Tour" çərçivəsində "Opera Euro Rapid" turniri davam edir.

Mükafat fondu 100 min ABŞ dolları olan yarışın ikinci günündə daha 5 tur oynanılıb.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçirdiyi 5 görüşdə yenə məğlubiyyət acısı yaşamayıb. O, bu gün bütün qarşılaşmalarını "sülh"lə bitirib. Həmyerlimiz Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubovla (Rusiya) heç-heçə edib.

Beləliklə, Teymur günü 2,5 xalla bitirərək, aktivindəki xalı 5,5-ə çatdırıb və 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə qrossmeysterimizdən 1,5 xal çox toplayan Maqnus Karlsen (Norveç) başçılıq edir. Uesli So (ABŞ) və Aniş Giri (Niderland) isə 6,5 xalla 2-3-cü yerləri bölüşürlər.

Dairəvi sistemlə keçirilən turnirin ilkin mərhələsinin son günündə - fevralın 8-də Rəcəbov Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarışda 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. Turnirə fevralın 14-də yekun vurulacaq.