Üç güləşçimiz dünya çempionatının finalında 

Üç güləşçimiz dünya çempionatının finalında 

 Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Bu gün mübarizəyə qoşulan dörd təmsilçimizdən üçü finala yüksəlib.

65 kq-da mübarizə aparan Zirəddin Bayramov ilk görüşdə tacikistanlı güləşçini 8:2 üstələyib. Qələbə sayəsində 1/4 finala adlayan güləşçimiz Gürcüstan təmsilçisi üçün də keçilməz olub. Bayramov görüşün gedişində 2:5 geri düşsə də, sonradan tam üstünlüklə qalib gəlib - 16:5.

23 yaşadək güləşçilər arasında qitə çempionatının bürünc medalçısı yarımfinalda ABŞ idmançısı Reynald Bartlettlə üz-üzə gəlib. Qarşılaşma Zirəddinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Bayramov finalda rusiyalı Şamil Mamedov ilə münasibətlərinə aydınlıq gətirəcək.

Cəbrayıl Hacıyev (70 kq) 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. Bu ilin mayında Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatının qalibi 1/4 finalda isveçli həmkarına da seçim yeri qoymayıb. 10:0 hesabı ilə qələbəni bayram edən Hacıyev yarımfinalda rusiyalı Stanislav Svinoboyev ilə münasibətlərinə aydınlıq gətirib. Hacıyev rəqibini 6:0 hesabı ilə üstələyib.

Güləşçimiz qızıl medal uğrunda iranlı Erfan Məhəmməd Elahi ilə üz-üzə gələcək.

79 kq çəki dərəcəsində mübarizə aparan Əşrəf Aşırov dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə (10:0) start verib. 1/8 finalda monqolustanlı rəqibini də eyni hesabla üstələyən Əşrəf növbəti mərhələdə Qırğızıstan güləşçisinə gücünü göstərib - 4:2.

İdmançımız yarımfinalda Maxambet Nurjaubayev (Qazaxıstan) ilə qarşılaşıb. Uğurlu seriyanı burada da davam etdirən Aşırov rəqibini böyük fərqlə yenib - 11:3.

Təmsilçimiz dünya çempionluğu uğrunda iranlı Məhəmməd Aşqar Nohodilarimi ilə qarşılaşacaq.

Startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanan (11:6) 57 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Nurəddin Novruzov 1/4 finalda Monqolustan güləşçisinə tam üstünlüklə qalib gəlib - 12:2.

İdmançımız finalın biraddımlığında büdrəyib. Rusiyalı Ramazan Baqavudinova uduzan (0:7) Novruzov bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu çəki dərəcələri üzrə medallar uğrunda həlledici qarşılaşmalar sabah - avqustun 17-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə 17:00-da başlayacaq.(fanat.az)