"Arazın dayaz günü" təqdim edildi-VİDEO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində iranlı rejissor Möhsün Hadinin Qarabağ müharibəsinə həsr olunmuş “Arazın Dayaz Günü” filminin təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycanın dövlət himni ilə başlayıb. Daha sonra şəhidlərimizin ruhu Fatihə ilə yad edilib. 

70 dəqiqəlik bu sənədli film İranda Qarabağ haqqında çəkilən ilk filmdir.

Qeyd edək ki, film bu ilin fevral ayında Xocalı soyqrımının 25 illiyi münasibətilə İranın Urmiya, Ərdəbil və Təbriz şəhərlərində keçirilən tədbirlərdən sonra Təbrizdə nümayiş etdirilib və böyük rəğbət qazanıb. 

Tədbirdə QAT-ın sədri Akif Nağı və filmin rejissoru Mohsün Hadi, ilahiyyatçı Hacağa Nuri, Qarabağın Azadlığı Uğrunda İslami Müavimət Hərakatının sədri Rövşən Əhmədli çıxış edərək film haqqında məlumat veriblər.

Qarabağ həqiqətlərinin təbliği üçün bu cür təşəbbüslərin əhəmiyyətindən danışıblar. Eyni zamanda Azərbaycan -İran dövlət münasibətlərinin ilbəil yüksələn xətlə daha da yaxşılaşması, iki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən kinomatoqrafiya sahəsində əlaqələrin, tarixi və mədəni irslərin öyrənilməsi təqdirəlayiq hal kimi dəyərləndirildi.

Film Azərbaycan dilində səsləndirilib, eyni zamanda fars dilində titrlərlə təmin olundu.

{youtube}9s0eVhAMBPM{/youtube}

Filmdə Qarabağ müharibəsinin həqiqi səbəbləri, gedişi, erməni işğalının nəticələri, Xocalı soyqrımı, Zəngilan və digər ərazilərin faciələri konkret faktlarla əks olunub. Tədbirdə film tam həcmdə nümayiş etdirilib. Nümayişdən sonra tədbirdə iştirak edən Qarabağ döyüşçüləri, qanlı hadisələrin şahidləri, ictimayyət nümayəndələri fikirlərini bildirərək, müəllifə təşəkkürlərini çatdırıblar.
FOTOLAR: