Azərbaycan tar sənətinin atası-Mirzə Sadıq Əsəd oğlu

Azərbaycan tar sənətinin atası-Mirzə Sadıq Əsəd oğlu

Azərbaycan xalq musiqiçisi, tarzən Sadıqcan (Mirzə Sadıq Əsəd oğlu) 1846-cı ildə Şuşa şəhərində yoxsul ailədə anadan olub. Lakin 1978-ci ilin "Musiqi ensiklopediyası"nda onun doğulduğu tarix 1842-ci il kimi göstərilir. 

Musiqi təhsilini Sadıq Şuşada azərbaycanlı pedaqoq Xarrat Qulu Məhəmməd oğlunun məktəbində alıb. 17-18 yaşlarında səsinin itməsindən sonra Sadıq əvvəlcə tütəkdə, neydə, kamançada çalırdı, sonra isə Mirzə Əli Əsgərin musiqi məktəbində tar çalmağı öyrənib.

Azərbaycanlı sənətşünas Firudin Şuşinskinin kitabında aşağıdakılar qeyd olunur: "Söyləyirlər ki, ilk əvvəl Mirzə Sadıq Mirzə Əli Əsgərin ansamblında burada ikinci rol oynayan kamançada çalırdı. Yalnız bir dəfə, müəllimi xəstələnəndə Mirzə Sadıq tarda ifa etməklə öz nadir bacarığını hamıya nümayiş etdirməyə nail oldu. Bundan sonra Mirzə Sadıq özünü tamamilə bu möcüzəli alətdə ifaçılığa həsr edir və öz sənətini daha da təkmilləşdirir, ifaçılıq texnikasını isə son həddə çatdırır".

Tezliklə Sadıq özünün tarda ifası ilə ustalıqda öz müəllimi Mirzə Əli Əsgəri üstələyir və o da öz növbəsində onun haqqında belə söyləyir: "Mən istərdim ki, mənim var-dövlətim Sadıqda, onun barmaqları isə məndə olsun". 

Mirzə Sadıq azərbaycanlı musiqişünas Mir Möhsün Nəvvabın və Xurşidbanu Natəvanın Şuşada təşkil etdikləri "Məclisi-fəramuşan" ("Unudulmuşlar məclisi") ədəbi cəmiyyətinin və "Məclisi xanəndə" ("Xanəndələrin məclisi") musiqi cəmiyyətinin fəaliyyətində iştirak edib. 

Sadıqcan Azərbaycan muğamlarına bəzi yeniliklər daxil edib. "Segah"ı inkişaf etdirərək tarın qoluna "Zabul" pərdəsi əlavə etdi və "Mahur"u təkmilləşdirdi.

Sadıqcan həmçinin "Orta Segah" və "Bayatı Şiraz" muğamlarına bir neçə rəng (Azərbaycanın peşəkar şifahi ənənəsinin instrumental musiqi janrı) bəstələyib.

"Kavkazskoye obozreniye" ("Qafqaz icmalı") qəzetində Sadıqcan haqqında aşağıdakılar yazılır: "Onun ifası aydındır, artistlik məharəti dəqiqdir və füsunkarcasına güclüdür. Bizim Tiflis bəstəkarlarımızın Sadığın buraya gəlişındən istifadə edib,onlara yeni kompozisiyalar üçün material kimi xidmət edəcək Şərq motivlərini Sadıqdan mənimsəmələri pis olmazdı".

1875-1878-ci illərdə Sadıqcan ilk dəfə tarın konstruksiyasını dəyişdi. O, simlərin sayını (5-dən 11-ə qədər) artırdı, tarın qolunun və gövdəsinin quruluşunu dəyişdi, onların bərkidilməsini təkmilləşdirdi və alətin ümumi çəkisini azaltdı. Sadıqcan, həmçinin tarda yeni ifa texnikasını işləyib yaratdı, aləti sinəsinə sıxaraq saxlamağa başladı. Ona qədər tarı diz üstə tutaraq çalırdılar. Azərbaycanlı incəsənət tənqidçisi Firudin Şuşinski qeyd edirdi:

"Sadıqcan tərəfindən tətbiq edilmiş bu yeniliklər və dəyişikliklər bu alətdə ifaçılıq imkanlarını genişləndirdi. Onların tətbiq edilməsindən sonra tarda ifa edilən muğamlar daha parlaq və rəngarəng səslənirdi. Təkmilləşdirilmiş tarı xalq "sehrli tar", Sadıqcanı isə "tarın atası"adlandırdı". Tezliklə Sadıqcanın tarı köhnə, "İran tarı" adlandırılan aləti bütün Qafqazdan və Orta Asiyadan tamamilə sıxışdırıb çıxartdı.

Sadıqcan tarda Azərbaycan xanəndələri Hacı Hüsünü, Əbdülbaqi Zülalovu (Bülbülcan), Cabbar Qaryağdı oğlu və Məşədi İsini müşayiət etmişdir. 1875-cı ildə Sadıqcan Bülbülcanla birlikdə Tiflisə köçərək orada konsertlərlə çıxış edirdilər. 1880-cı ildə Sadıqcan Məşədi İsinin ansamblının tərkibində Təbriz şəhərinə, (İran) Nəsrəddin şah Qacarın oğlu Müzəffərəddin mirzənin toyuna dəvət edilmişdir. Bu toyda Sadıqcan "Şiri-Xurşid" ordeni ilə ("Şir və Günəş" ordeni) təltif olunub.

1890-cı illərdə Sadıqcan tərəfindən Azərbaycanın bir çox şəhərlərində, İstanbulda (indiki Türkiyə), Aşqabadda (indiki Türkmənistan) və Tehranda (indiki İran) konsertlər verən musiqi ansamblı təşkil olunub. 

Sadıqcan Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında Şuşada səhnələşdirilmiş "Məcnun Leylinin məzarı üstündə" (1897) tamaşası üçün musiqi tərtib edib.

1901-cı ildə Sadıqcan Şuşada birinci Şərq konsertində iştirak edib.

Azərbaycan bəstəkarı və publisisti Əfrasiyab Bədəlbəyli Sadıqcanın Azərbaycan musiqisində rolunu belə qiymətləndirmişdir:

"Əgər muğamın ifası zamanı tarın bütün musiqi alətləri arasında birinci yeri tutduğunu nəzərə alsaq, onda Mirzə Sadığın kəşflərinin nəticə etibarilə Azərbaycan musiqisinin tarixində dönüş nöqtəsi olduğunu təsdiq etmək olar. Demək olar ki, Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və bu muğamların ifa edilməsi üsulları yeni pilləyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqi tarixində yeni səhifə açmışdır". 

Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov Sadıqcanı belə qiymətləndirirdi: "Sadıq kimi tarzənlərin adları və şöhrətləri bütün Qafqazda məşhurlaşdı, beynəlmiləl əhəmiyyət kəsb etməyə başladı". 

Sadıqcan məktəbinin şagirdləri və davamçıları tarzənlər – Məşədi Zeynal, Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Malıbəyli Həmid, Şirin Axundov və Bəhram Mansurov olub.

Sadıqcan 1902-ci ildə Şuşada vəfat edib.

1992-ci ilin mayında Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra Sadıqcanın yaşadığı ev dağıntılara məruz qalıb.