Azərbaycanın ilk professioanal rəssam qadını -Qeysər Kaşıyeva

Azərbaycanın ilk professioanal rəssam qadını -Qeysər Kaşıyeva

Vetenugrunda.az oxucularını Azərbaycan mədəniyyət tarixinin maraqlı səhifələrindən biri ilə tanış edəcək

Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olub. O, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadındır.

Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxuyub, orada rus dilini öyrənir. Daha sonra o, təhsilini Qızlar Gimnaziyasında davam etdirir. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranır, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərir.

1907-1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbində oxuyur.

Məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəyir. Lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olur. O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edir. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olur. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət yüngül süvari alayında qulluq etmişdi. Daha sonra cütlük ailə həyatı qurur və bu evlilikdən onların qız övladı dünyaya gəlir.

Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasından sonra Qeysər xanım 1918-ci ildən Tiflisdən Bakıya köçür. Sovet hakimiyyəti illərində o, Bakıda rəsm dərsləri verir, Şərq Qadəmə jurnalı üçün illüstrasiyalar çəkirdi.

1930-cu ildə Qeysər xanım ikinci dəfə, Zülfüqar Seyidbəyli ilə ailə həyatı qurur. Lakin onun bu evliliyi də uzun sürmür, Zülfüqar bəy siyasi səbəblərə görə 1938-ci ildə həbs edilir. Çox keçmədən onlar sürgün edilirlər.

Qeysər xanım 1950-ci ildə yenidən Azərbaycana qayıdır. 

Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib edir. 1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkir ("İ.Qonçarovun portreti", 1909, "Azərbaycan ziyalısı", 1912, "Göl sahili", 1914, "Küpəgirən qarı", 1915).

Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışan Qeysər Kaşıyeva "Şərq qadını" jurnalına illüstrasiyalar çəkir. 

Qeyd etdiyimiz kimi təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərən Qeysər xanım professioanal rəssamlıq təhsili alan ilk azərbaycanlı qadındır. Q.Kaşıyeva sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907-1908) yiyələnir.

O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanımın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir. Onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında "Ziyalı qadın", "Qoca keşıkçi", "Gürcü qızı", "Ovçu", "Yanğınsöndürən", "Qoqolun portreti", "Azərbaycan ziyalısı", "Küpəgirən qarı", "İ.Qonçarovun portreti", "Azərbaycan ziyalısı", "Göl sahili" və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir. O, "Şərq qadını" jurnalına (1923-1938-ci illərdə Bakıda çap olunub) illyustrasiyalar da çəkir.

Otuzuncu illərdə ərinin "xalq düşməni" adı ilə güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olur. 

Qeysər Kaşıyeva 1972-ci ildə aprelin 17-də Bakı şəhərində 78 yaşında malyariy xəstəliyindən dünyasını dəyişir.

Qeysər xanımın bizim dövrə gəlib çatan azsaylı əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.