Azərbaycanın ilk qarmon ifaçısı- milyonçu Ələkbərbəy Nəzərli

Azərbaycanın ilk qarmon ifaçısı- milyonçu Ələkbərbəy Nəzərli

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Ələkbərbəy Cavad oğlu Nəzərli Azərbaycanın ilk qarmon ifaçısı olmaqla yanaşı xeyriyyəçi kimi tanınırdı.

XIX-XX əsrin tanınmış simalarından olan Bakının kiçik milyonçusu-xeyriyyəçi, musiqişünas, öz dövrünün pedaqoqu Ələkbərbəy Cavad oğlu Nəzərli Xızının Sayadlı kəndində anadan olub.

 Onun istedadının sorğaı o zaman bəstəkar Üzeyir Hacıbəyova da çatır. Bəstəkar onu Dövlət Opera və Balet Teatrına dəvət edir. Ələkbərbəy Nəzərli Koroğlu operasının premyerasının ilk müşayətçisi olub.  Azərbaycan Dövlət Opera və Balet Teatrının Üzeyirbəy orkestrinin aparıcı solisti olan Ələkbərbəy Nəzərli "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və digər bu kimi tamaşaların müşayətçisi kimi o, Azərbaycan milli opera musiqi sənəti sahəsinin inkişafında öz töhfələrini əsirgəməyib.

Ələkbərbəy Nəzərli Azərbaycanın ilk qarmon ifaçısı kimi, dünyanın ən nadir qarmon alətlərini toplayan kolleksiyasının XIX-XX əsrdə Azərbaycanda ilk və yeganə sahibi olub. Milli qarmonlarla bərabər "fizi qarmon" (ayaq hərəkəti ilə işləyən), piano "Şreyder" (alman istehsalı), "Ağ və qırmızı" royallar, "Karpuşkin", "Aziatskiy", "Nəfəs ilə idarə olunan qarmon" və s.

Ələkbərbəy Nəzərlinin Bakının mərkəzində yerləşən və qeyri-adi yaşıllığı ilə hər kəsi heyran edən, mülkünə valeh olan Üzeyir Hacıbəyli və Cabbar Qaryağdıoğlu bura "İsa bulağı" adı vermişdilər. O, 1925-1930-cu illərdə Qarabağın və Zaqafqaziyanın sayılıb-seçilən musiqişünas, muğam ustadlarını öz şəxsi mülkünə dəvət edərək, Bakıda "Məclisi-üns" Muğam-musiqi, xeyriyyə məclisinin ilk yaradıcısı olub. Ələkbərbəy Nəzərli Bakı, Qarabağ və Zaqafqaziyadan dəvət etdiyi xanəndələri və musiqişünasları öz şəxsi mülkündə qəbul edirdi.

Ələkbərbəy Nəzərli su olmayan rayonda yaşadığı 1686 kv.m. ərazi sahəsi olan şəxsi mülkünə ilk olaraq su və qaz təchizatı çəkdirərək "İsa bulağı" adlı mülkündə ehtiyat "Su anbarı" inşa etdirir. O, təkcə öz bağını deyil, Dağlı məhəlləsi və ətraf rayonların sakinlərini su ilə təmin edən xeyriyyəçi idi.

 Bakının kiçik milyonçusunun Azərbaycan xalqına göstərdiyi bu və digər xeyriyyə işləri barədə o vaxtın Bakı şəhər İcra Komitəsinin məsul işçisi olan Aleksandr Novikov adlı deputat tərəfindən yazdığı 4 avqust 1926-cı ildə "Bakinskiy raboçiy" qəzetindəki "Muzıkant-Blaqatvaritel" başlıqlı məqaləsi əsl tarixi faktdır.

Eyni zamanda 1924-cü ildə Yeni yol qəzetindəki "Xeyriyyə üçün doğulan insan", 1941-1945-ci il müharibəsi zamanı Kaspi qəzetində dövlətə yardımlar etməsi barədə dərc olunan "Xeyriyyəçi" başlıqlı və bu kimi məqalələri, Ələkbərbəy Nəzərlinin şəxsi qazancını xalqı ilə bölüşdüyünü və Azərbaycan xalqına olan sevgisini sübut edirdi.

Nazirlər Soveti sədri tərəfindən dövlət sərəncamı ilə Ələkbərbəy Cavad oğlu Nəzərlinin şəxsi mülkünün qapısında "barelyef-lövhəsi" vurulan bir musiqişünas – xeyriyyəçi idi.

1960-1970-ci illərdə Azərbaycan Dövlət Televiziyasında Xalq artisti Əfrasiyab Bədəlbəyli, sonralar Firudun Şuşinskinin müəllifi olduğu "Azərbayacanın Opera Musiqi tarixi" adlı proqramlarında korifey musiqişünas Ələkbərbəy Nəzərli haqqında müəyyən məlumatlar yer alıb.

Azərbaycanın incəsənət xadimi Firudin Şuşinskinin "Opera Musiqi sənəti" adlı yazdığı kitabında, Xalq artisti bəstəkar Eldar Mansurov, Xalq artisti Bəhram Mansurov haqqında yazdığı kitabında, pedaqoq Fərəh Əliyevanın XX əsr musiqişünasları adlı və pedaqoq Əhsən Rəhmanlının "Qarmon ifaçılığı sənəti və onun Azərbaycanda tədrisi" adlı kitablarında musiqişünaslar Ələkbərbəy və Mehdibəy Nəzərli qardaşlarının Dövlət Opera Musiqi sənəti sahəsinə verdikləri töhfələri- xidmətləri barədə geniş bilgi veriblər.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə nəşr olunan Dövlət "Muğam" Ensiklopediyasında

Ələkbərbəy Nəzərlinin həyat və yaradıcılığına yer ayrılıb.

Hazırda Ələkbərbəy Nəzərlinin həyat – yaradıcılığı və "Qarmon sənəti" adlı kitabdan musiqi təhsil ocaqlarında istifadə olunur.

Ələkbər bəy Cavad oğlu Nəzərlinin şəxsi arxivinin əsli: Ələkbər bəyin nəvəsi - davamçısı, Respublikanın əməkdar artisti, Ədilə Əflakinin (Nəzərli) şəxsi ev arxivində qorunub saxlanılır. Ələkbərbəy Nəzərli 13 noyabr 1951-ci ildə 69 yaşında öz şəxsi mülkündə dünyasını dəyişib və  Yasamal qəbirstanlığında dəfn olunub.

Ələkbərbəy Nəzərlinin 17 övladının dünyaya gəlməsinə baxmayaraq 2 qız övladı və 1 qız övladından dünyaya gələn 9 nəvəsi onun varisləri olub. Hazırda, varisi olan yeganə oğul nəvəsi Ələkbər, babası Ələkbərbəy Nəzərlinin adını daşıyır. Ələkbərbəy Nəzərlinin nəvəsi və yeganə davamçısı Respublikanın Əməkdar artisti - xanəndə Ədilə Əflaki Nəzərli milli musiqi mədəniyyətinə xidmət edir.