Baxdı çün Əkbərinin nizədə Leyla üzünə...

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə...
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə, Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə. Gəldi şurə dedi: Ey şəm'i-şəbistanım oğul, Yetmədi kami - muradə məhi - təbanım oğul, Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul, Gəlməyəydi anan, ey kaş ki, bu dünya üzünə. Ey səba! Bircə əs, ol zülfi - pərişanı dağıt, Xanimani - dili - viraneyi - Leylanı dağıt, Dili - viraneyi - Leyla kimi dünyanı dağıt, Qoyma düşsün dəxi ol zülfi-səmənsa üzünə. Çün kənar etdi səba zülfi - şikən pürşikəni, Görünüb Haşimi xalilə xətu vəlhəsəni, Məhv olub cümləsi, tökdülə dəfi - dairəni, Bir baxıb Əkbərə, bir baxdıla Leyla üzünə. Qaşların tağı, oğul sureyi - "Yasin" oxuyur, Baxsa hər kim üzünə ayeyi- "Təhsin" oxuyur, Əhli-Qur'andu bular cümləsi "Ta Sin" oxuyur, Necə çəkdilər qılınc məzhəri - "Ta Ha" üzünə? Dedilər: Kimdi bu övrət bizi nalan eləyən, Yoxsa Leyladı bu Məcnun kimi əfqan eləyən, Səni, ey tazə cavan, qanına qəltan eləyən, Necə Məhşərdə baxar Həzrəti-Zəhra üzünə? Etdilər çahi-zənəxdanına həsrətlə nəzər, Zər xirid olmaq üçün bir-birinə verdi xəbər, Tökdülər Şam Züleyxaları çün əşki-bəsər, Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə. Arizin səfheyi - İncili - Xudavəndi - vədud, Nizə başında başın, həm oxuyur süreyi-Hud, Deyəsən, nizə ayağında durub qövmi-Yəhud Darın üstündə baxırlar hamı İsa üzünə. Məzhəri-hüsni-peyəmbər rüxi-xalındu sənin, Ayeyi-"Şəmsü-Züha" mehri cəmalındı sənin, Sureyi- "Nunü-Qələm" Haşimi xalındı sənin, Kakilin pərdə çəkib "Leylətül-Əsra" üzünə. Başdakı şuri-şəhadətdi sənin tacın, oğul Arizin Kə'bə, hərəmlər hamı hüccacın oğul, Rəfrəfin nizə, mübarəkdü bu Me'racın oğul, Qaşların qiblədü "Qövseyni-ov-ədna" üzünə. Gəh üzün ayineyi - Müshəfü Tövratü Zəbur, Atəşi - Turi - təcəlladı cəmalında zühur, Misridür Şam bu qibtilərə, ya vadiyi - Tur, Ali - Fir'ondu gəlib baxmağa Musa üzünə. Sabira, hər il əza saxla Əli Əkbərə sən, Kərbəladə gedib ağla o şəhi-davərə sən, Gəl qiyamətdə bu cəm ilə səfi-Məhşərə sən, Qalma həsrət iki dünyadə bu Mövla üzünə. Müəllif: Mirzə Ələkbər Sabir