Bizi dünyaya tanıdan Çingiz Hüseynov

Bizi dünyaya tanıdan Çingiz  Hüseynov

Azərbaycanın dünyada tanınan imzası, nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, professor Çingiz Hüseynov da aprel ayında dünyaya gəlib. 

O, 1929-cu il aprelin 20-də Bakıda dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişib və orada təhsilini başa vurub.

Daha sonra Çingiz Hüseynov SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə edib. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub. Sov.İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görüb. Bundan sonra ədəbi yaradıcılıq yolu başlayıb. O, əsərlərini Azərbaycan və rus dillərində yazır.

Çingiz Hüseynovun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. 

"Mənim bacım", "Əriyən heykəl", "Çətin yoxuş", "Novruzgülü", "Adını demədi", "Угловой дом", "Магомед, Мамед, Мамиш", "Adalar", "Восточные сюжеты", "Неизбежность", "Фатальный Фатали", "Семейные тайны" və sair əsərlərin müəllifi olan Çingiz Hüseynov yaratdığı obrazların fərqli baxışı və çatdırma üslubu ilə daim diqqət mərkəzindədir.