Erməni plagiatı haqqında kitab çıxdı

Erməni plagiatı haqqında kitab çıxdı

"Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları" kitabının təqdimatı olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin "Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları" kitabının təqdimatı olub.

Kitabda vaxtilə İrəvan bölgəsində yaranmış Azərbaycan yallı rəqslərinin ermənilər tərəfindən necə saxtalaşdırıldığı geniş şəkildə və tutarlı faktlarla təhlil edilərək ifşa olunub, həmin bölgəyə aid 43 yallı havasının not yazıları işıqlandırılıb. Kitab Zəngəzur dəhlizinin açılmasına həsr olunub.

Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, artıq 39 ildir Azərbaycan xalq rəqsləri ilə, rəqsin bütün janrlarının toplanması ilə məşğuldur: "Çoxları yallının məkanını Naxçıvan ilə əlaqələndirir. Ancaq rəqsin bu növü digər bölgələrə - İrəvan, Kəlbəcər, Laçın və Qarabağın digər bölgələrində, eyni zamanda, Şəki zonasında da yayılıb. Kitabda Qərbi Azərbaycanın 43 yallı havası toplanıb. Bu rəqsin təqribən 20-sini ermənilər dəyişdirib, öz rəqsləri kimi təqdim ediblər".

Bildirib ki, kitabda əks olunan 43 yallı rəqsin notlarını İrəvandan qovulmuş soydaşlarımızın köməkliyi sayəsində bərpa edib: "İrəvanlılar qovulduqdan sonra bölgələrimizdə pərakəndə vəziyyətdə yaşadıqları üçün bu rəqsimiz qismən unuduldu. Ancaq mən vaxtilə yallı oynamış ifaçıları tapıb onlardan Qərbi Azərbaycan yallı rəqslərinin melodik intonasiyalarını topladım.

Kitabın önəmi odur ki, burada 43 yallının notları əks olunub, eyni zamanda, 10-dan çox yallının ermənilər tərəfindən nə cür saxtalaşdırılması tutarlı faktlarla sübuta yetirilib".