Ermənilərin dağıtdığı Şeyx Babı türbəsi

Ermənilərin dağıtdığı Şeyx Babı türbəsi
Azərbaycan dünyanın ən qədim tarixi memarlıq abidələri diyarıdır və hər zaman bu abidələri qoruyub saxlaması ilə seçilir. Bunlar arasında Qarabağ memarlıq abidələrinin isə xüsusi yeri var. Onlardan biri də Füzuli rayonunun Babı kəndində yerləşən Şeyx Babı türbəsidir. Abidələrimiz nə qədər qorunub saxlansa da, erməni qəsbkarları tez-tez məscidlərimizə, abidələrimizə qarşı vandalizm siyasəti həyata keçirirlər. Elə Şeyx Babı türbəsi də, 29 sentyabr 2020-ci il tarixdə Qarabağda baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində ciddi şəkildə zədələnib. Tarixi mənbələrdə türbənin ziyarətgah kimi Qarabağda şöhrət qazandığı qeyd olunur. Yeniavaz.com Şeyx Babı türbəsinin tarixini təqdim edir. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub və 1273–1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə ağ daşdan hörülüb və üstü səkkizgüşəli çatma günbəzlə örtülüb. Xalq arasında "Şıxbaba türbəsi" adı ilə tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqda yerləşir. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunub. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanikov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271–1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan, tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin Zahid, Kamil Şeyx Babı Yaqub ibn Ismayıl Qur Xər üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273–1274-cü illər) əmr verilib. Məzarın sinə daşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb ki, “Bu müqəddəs türbə Zahid, Kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib”. Məzarın sinə daşında Şeyx Babı Yaqubun İsmayıl Qur Xər oğlu kimi göstərilməsi onun İsmaililər hərəkatı ilə bağlı olmasını bildirir. Türbə ilə bağlı digər araşdırmalarda da faktların üst-üstə düşdüyü məlum olur. Qədim dövrlərdə müxtəlif ölkələrdən xanəgahı ziyarətə gələrmişlər. Bu da onu sübut edir ki, xanəgahda dəfn olunan Məşədi Babı ibn Yaqub müqəddəs insan olub. Kitabədə yazılanlar göstərir ki, xanəgahı XIX əsrin əvvəllərində Kərbəlayi Nasir təmir etdirib. Təbii ki, bu işdə ona kömək edənlər də olub. İbrahim Mehdiyev, Qürbətəli Niftəliyev, Əziz İsmayılov, Niyaz Quliyev, Hacı Oruc, Hacı Məmməd, Məşədi Səməd, Məşədi Eyvaz və başqaları köməklərini əsirgəməyiblər. Hazırda xanəgahın yeraltı yolları, həmçinin, həmin minarələrdən biri ciddi zədələnmiş halda qalmaqdadır. Minarələrə bitişik halda tikilmiş məscidin divarlarının qalınlığı heyrətləndiricidir. Xanəgahda müxtəlif təyinatlı hücrələrin olması məqbərənin həm də yadelli düşmənlərə qarşı mübarizədə qala kimi istifadə olunduğunu sübut edir. Hücrənin əlvan çalarlı daşlarla örtülmüş otaqları göstərir ki, vaxtilə burada yaşayan insanlar yüksək sənətkarlıq qabiliyyətinə malik olublar. O, Qarabağda çox nüfuzlu sufi şeyxi olub. Orta əsrlərdə feodal müharibələri, İran-Rusiya müharibəsi zamanı dağıntıya məruz qalan abidələrdən biri də yenə bu səkkizguşəli türbə olub. İndi bu unikal memarlıq abidəsindən ancaq türbə və minarə qalıb. Bu tarixi memarlıq abidəsinin tədqiqi ilə XIX–XX əsrlərdə bir çox rus alimləri məşğul olub. Orta əsrlər dövrünün məşhur araşdırıcısı A.Brozqula və akademik T. Roskovski öz tədqiqatlarında Şeyx Babı Yaqub türbəsinin XII əsrə aid olduğunu göstəriblər. Daha sonra rus tədqiqatçılarından professor V. Kraçkovskaya da bu türbə ilə bağlı araşdırma aparıb və onun XIII əsrə aid olduğunu təsdiqləyib. 1930-cu illərdə şərqşünas alim N. Xanikov da Babı türbəsini tədqiq edib. XX əsrin ikinci yarısında rus tarixçiləri ilə bərabər Azərbaycan alimləri də (Ə. Salamzadə, Ş. Fətullayev, M. Nemət, K. Məmmədzadə) Şeyx Babı Yaqub türbəsinin tədqiqi ilə bağlı maraqlı araşdırmalar aparıblar. Onların da elmi qənaətinə görə, türbə Naxçıvan (Əcəmi) memarlıq məktəbinin üslubunda inşa edilib. Babının qədim kəhrizləri, tarixi abidələri göstərir ki, hələ lap qədim zamanlardan burada bizim əcdadlarımız yaşayıblar. Mənbələr göstərir ki, Şeyx Babı Yaqubun çoxlu sayda müridləri olub. Onlar Qarabağda, Azərbaycanın digər bölgələrində fəaliyyət göstəriblər. Hətta, Şeyx Babı Yaqub öləndən sonra belə, onlar bu ərazilərdə fəaliyyətlərini davam etdiriblər. Bu fikri Azərbaycanın bir çox bölgələrində aparılan arxeoloji və tarixi araşdırmalar zamanı bu tipli qəbirüstü abidələrdə aşkar edilən yazılar da təsdiq edib. Belə güman edilib ki, Şeyx Babı Yaqub orta əsrlərdə Qarabağda çox nüfuzlu və hörmətli sufi şeyxi olub. Arxeoloji qazıntılar yeni faktlara işıq salır. Tarixçi Fəzlullah Rəşidəddin “Cami ət-təvarix“ əsərində bildirir ki, Şeyx Babı Yaqub XIII yüzillikdə yaşayıb. Dövrünün böyük alimi və təriqət mürşidi olub. Elxanlı sultanları ona daim hörmətlə yanaşıblar. O, bu dövlətin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Ölkədə taxt-tac qazanmaq istəyən feodallar birinci onunla siyasi birliyə gələrmiş. Arxeoloji araşdırmalar zamanı bu türbənin yanında qədim hamam xarabalığı da aşkar olunub. Onu da deyək ki, ta qədim zamanlardan yerli kənd əhalisi arasında bir fikir dolaşıb: “Bu türbədən qonşu Əhmədalılar kəndinə və İrana yeraltı yol olub”. Tarixçi, toponimist Nazim Tapdıqoğlu yazır: “Ta qədimdən kənddə dolaşan bu fikirlə bağlı qəbiristanlığa getdim. Gördüm ki, bu yollar var. Amma burada əsaslı arxeoloji qazıntılar aparılmadığından yolların istiqamətini müəyyən etmək çətindir”. Qeyd edək ki, Babı kəndinin ərazisində orta əsrlər Qarabağına aid iri yaşayış məskəni aşkarlanıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə arxeoloji ekspedisiyasının rəisi Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, buradakı böyük xanəgahda XVIII əsrə aid məscid, hamam kompleksi, hücrələrin qalıqları var: “Həmin ərazidən 3 km məsafədə “Nağara təpəsi” deyilən ərazidə antik və ilk orta əsrlərə aid yaşayış yeri də aşkarlanıb. Kürdmahmudlu kəndində isə yeraltı sərdabə aşkara çıxarmışıq. Burada tədqiqatlar aparmağa çox böyük ehtiyac var. Bu ərazi orta əsrlər Qarabağına aid ən böyük tapıntıdır”. Şeyx Babı Yaqub türbəsi ölkə əhəmiyyətli tarixi memarlıq abidələrimizdən biridir. Onun bərpası və ətraflı tədqiqi tarix elmimizə mühüm töhfə ola bilər. Məşhur türbələr Seyid Yəhya • Sofi Həmid • Şirvanşahlar • Şakir ağa • Pir Həsən • Yeni Suraxanı Arran Baba Samid • Cavad xan • Comərd Qəssab • Xudu Baba • Mürsəl ocağı • Mirzə Adıgözəl bəy • Nizami Gəncəvi • Sarıtəpə • Yanıqlı Dağlıq Şirvan Diribaba • Kələxana • Kələzeyvə • Pir Hüseyn • Pir Mərdəkan • Şaxəndan • Yeddigünbəz Qarabağ Axsadan baba • Arğalı • Bərdə • Bəhmən Mirzə Qacar • Gürcülü • Rzaqulu bəy • Qutlu Musa • Mazan nənə • Məlik Əjdər • Məmmədbəyli • Mirəli • Qarğabazar • Sarı Aşıq • Sofi Həsən • Şeyx Babı • Şeyx İbrahim • Şıxbabalı • Pənahəli xan • Vaqif • Xudayarlı Naxçıvan Darkənd • Gilan (Culfa) • Gilan (Ordubad) • Gülüstan • Əlincəçay • Qarabağlar • Möminə Xatun • Nuh • Yusif ibn Küseyir • Hüseyn Cavid Quba-Xaçmaz Ağbil türbələri • Pir-Cəlal • Şeyx Cüneyd • Şeyx Heydər Şəki-Zaqatala Həzrə Lənkəran-Astara Seyyid Xəlifə • Şeyx Zahid Cənubi Azərbaycan Burlaxatun • Dairəvi Günbəd • Dairəvi türbə • Duzal • Göy Günbəd • Xərrəqan • Kafir Günbəd • Qırmızı Günbəd • Olcaytu Xudabəndə • Seyid Həmzə • Şeyx Cəbrayıl türbəsi • Şeyx Səfi türbəsi • Şah İsmayıl türbəsi • Şah I Təhmasib türbəsi • Üç Günbəd • İmamzadə Vəli İmamzadələr Bərdə • Gəncə • Naxçıvan • Nehrəm