Minilliyin azərbaycanlısı-ÜZEYİR HACIBƏYOV-VİDEO

Bu gün musiqişünas-alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, əsərləri dünya musiqi incilərindən sayılan dünyanın ən məşhur bəstəkarlarından biri Üzeyir Hacıbəyovun (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov) doğum günüdür. Minilliyin azərbaycanlısı sayılan dahi bəstəkar 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya gəlib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, zamanında layiq olduğu ən yaxşı titullara sahib olsa da müstəqillik dövründə bu diqqətdən kənar qaldı.  

Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), "Lenin ordeni" və "Qırmızı əmək bayrağı" ordeni laureatılarına sahib olan böyük bəstəkar Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) kimi vəzifələrdə çalışıb. O, Azərbaycan SSR və Azərbaycan Respublikasının himnlərinin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifidir.

Şuşaya kəcavədə gətirilən dahi

Üzeyir Hacıbəyov Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində dünyaya gəlib.

Üzeyirin atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olub və onun Ağcabədidəki təsərrüfatına başçılıq edib. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyovgil ailədə üç qardaş, iki bacı olublar. Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olub.

Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk muğamat müəllimi idi.

Üzeyir Hacıbəyov hər zaman birinci idi. O, Qori seminariyasının tələbələri arasında da bu birinciliyi saxlaya bildi. 

Üzeyir Hacıbəyovun dünyagörüşünün formalaşmasında Qori Müəllimlər Seminariyasının (1899-1904-cü illərdə təhsil alıb) böyük rolu olub. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olub.

Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.

Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edildi. O, Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs deyirdi. 

Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində müəllimliyə başlayıb. Üzeyir Hacıbəyov Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq "Həyat" qəzetində tərcüməçi işləyib. Eyni zamanda həmin gündən nəşr edilməyə başlayan "İrşad" qəzeti ilə əməkdaşlıq edir. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirir.

Rus yazıçısı Nikolay Qoqolun "Şinel" povestini Azərbaycan dilinə tərcümə edir.

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir və Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil alır.

{youtube}WT5FKB6eDQg{/youtube}

Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar "İqbal" qəzetində dərc olunur. Maddi ehtiyac üzundən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olur. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.

Üzeyir Hacıbəyovla Məleykə xanım Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər.

1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.

{youtube}rhC_y5M55m8{/youtube}

1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki, Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.

Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat edir.

Minilliyin azərbaycanlısı min illərin işini gördü

Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib.

"Molla Nəsrəddin" jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə edib: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. Bədii və publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk və parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir.

Üzeyir Hacıbəyovun zəngin yumoristik söz yaradıcılığı vaxtı ilə dövri mətbuat səhifələrində "Ordan-burdan" ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur.

{youtube}n7jwI_kvezQ{/youtube}

Ü. Hacıbəyovun "Bazar söhbəti", "Məzhəkə", "Təhsil" kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayələri də unudulmazdır. "Rəfiqimdən məktub", "Üçüncü dəllək", "Məclisimizin duzu", "O, heç!", "Tərəqqi və gerilik", "Ha fikir edirəm başa düşmürəm!" kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində əsasən Bakı şəhər Dumasının fərsiz deputatlarını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz "qlasnıları" barsız ağaclara bənzədir. Ü. Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn "Dövlət Duması", "Ata və oğul", "Moizə" və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar.

Bütün ömrü boyu Üzeyir bəy Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazıb. Üzeyir bəy Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərini müəllifi olub.

Operalar

Üzeyir Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə Azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir. Bu işdə qardaşları Zülfüqar Hacıbəyov və Ceyhun Hacıbəyli, seminariya dostları, dövrün, maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbdürrəhimbəy Haqverdiyev, Hənəfi Terequlov və başqaları ona yaxından kömək edirlər.

Beləliklə 1908-ci il Bakı küçələrini "Leyli və Məcnun" operasının afişaları bəzəyir. 
Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoydu.

Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır.

İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verib. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış edirlər. Sonrakı tamaşalarda Ü. Hacıbəyov özü və onun yaxın dostu-məsləkdaşı bəstəkar Müslüm Maqomayev dirijorluq edir.

Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, "Leyli və Məcnun" poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər. Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulub.

"Leyli və Məcnun" ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Üzeyir Hacıbəyovun məhz Füzulinin yaratdığı "Leyli və Məcnun" poemasına müraciətinin səbəbi ondan ibarət idi ki, bu əsər Azərbaycan dilində yazılaraq, Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərib. Eyni zamanda əsərdən parçalar peşəkar xanəndələr tərəfindən muğamlarda çox ifa olunaraq, xalq arasında geniş yayılmışdı artıq.

{youtube}0u60A-7UzUE{/youtube}

Azərbaycan operasının məhz Füzulinin "Leyli və Məcnun" poeması əsasında yazılması təsadüfi deyil. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürürdü. Səməd Vurğun çox doğru olaraq Üzeyirə "Ey Füzuli şerinin bir bəstəkar qardaşı!"—deyə müraciət edirdi.

Qeyd edək ki, Azərbaycanda qadın aktyorları səhnədə problem olduğu üçün bu rolun ilk ifaçısı çayçı Əbdürrəhman Fərəcov seçilib. Bir dəfə Üzeyir bəy çayçıda olarkən çayçı işləyən birinin xoş zümzüməsini eşidir və onu Operaya gətirərək Leyli rolunu ona təklif edir. İkinci tamaşada Fərəcov Leyli rolunu oynamaqdan imtina edir. Yenə də təsadüf nəticəsində Miri adlı bir şəxsə Leylini oynamaq həvalə edilir.

Sonralar Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov və nəhayət qadın ifaçılardan səhnəyə Sona Hacıyeva, Məhbubə Paşayeva, Yavər Kələntərli, Gülxar Həsənova, Cahan Talışinskaya, Sima xanım, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Gülüstan Əliyeva və Aygün Bayramova olub.

Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb.

"Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.

Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə edib.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında "Koroğlu" operası ilk dəfə tamaşaya qoyuldu. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan "Koroğlu" operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Üzeyir Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Elə həmin il Üzeyir Hacıbəyov "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görüldü.

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və Məmməd Səid Ordubadinindir) Azərbacan opera sənətinin incilərindən sayılır. Bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradıb.

{youtube}XNtl-4dM_J0{/youtube}

O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olub.

Stalin "Arşın mal alan"dan parçalar oxuyurdu

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərək Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılanır. Hər iki operaya baxan Stalin bəstəkarın yaradıcılığını yüksək qiymət verir. "Koroğlu"nu zamanıda yaradılan opera hesab edən Stalin Üzeyir Hacıbəyova məsləhət görür ki, "Bir yox, iki belə opera yaratmaq lazımdır".

Stalinin göstərişi ilə Azərbaycandan gələn nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edilir. Deyilənə görə, həmin məclisdə Üzeyir Hacıbəyova yuxarı başda Stalinlə Mircəfər Bağırovun yanında yer göstərilir. Stalin Üzeyir bəylə xeyli söhbət edir və söhbət əsnasında "Arşın mal alan" operasına hələ Gürcüstanda olarkən baxdığını bildirir, "Arşın mal alan"dan parçalar da oxuyur.

Hacıbəyov həyatının son illərində "Firuzə" operası üzərində işləyib. Bu bitməmiş operadan isə bu günümüzə təkcə Firuzənin ariyası qalıb.

Musiqili komediyaları

"Ər və arvad" Müsəlman şərqində ilk operetta idi. Bəstəkarın üç pərdədən ibarət musiqili komediyası Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər. Komediyalarının mətnini də Üzeyir bəy özü yazıb.

1910-cu ildə Üzeyir Hacıbəyov "Ər və arvad"dan sonra ikinci operettasını-"O olmasın, bu olsun"u yazır. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında oynanılır. Əsərin musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya uzərində qurulub. 

Sonralar "O olmasın, bu olsun" musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq bütün dünyanı dolaşır.

Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. "Arşın mal alan" musiqili komediyasında Azərbaycan məişəti, xalq adət və ənənələri əks olunub. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaradıb. Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammafon valına yazılıb. Demək olar ki, bu əsər bütün dünyanı dolaşıb.

"Arşın mal alan" musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
İkinci dəfə 1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov "Arşın mal alan"ı yenidən ekranlaşdırıb. Lakin o bu işi görərkən nə müəllifdən icazə almış, nə də onunla məsləhətləşmişdi. Bu səbəbdən də cəmi iki gün nümayiş etdirilən film ekrana buraxılmayıb.
Üçüncü dəfə isə 1937-ci ildə ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı bir erməni rejisor "Arşın mal alan"ı Üzeyir Hacıbəyovdan icazə almadan, oğurlayaraq, ekranlaşdırıb. Filmdə Azərbaycan bəstəkarının adını göstərməyib və erməni bəstəkarının əsəri kimi təqdim edib. 
Dördüncü dəfə "Arşın mal alan" 1945-ci ildə Bakı kinostudiyasında ekranlaşdırılıb və bu musiqili film də dünyada geniş şöhrət qazanıb. Baş rolda Rəşid Behbudov çəkilib. Lakin əsərlərinə kimlərinsə düzəliş etmələri il heç cür barışmayan Üzeyir bəy "Arşın mal alan" bədii filmindən narazı qalıb. Filmə baxış sona yetəndən sonra Üzeyir bəy söz alaraq deyib: "Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur".

1965-ci ildə isə "Arşın mal alan" musiqili komediyası Bakıda yenidən ekranlaşdırılıb. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu alınmışdı. Baş rolun ifaçıları Həsən Məmmədov, Murad Yegizarov, Nəcibə Məlikova, Leyla Şıxlinskaya, olub. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.

İnstrumental müşayiətli xor əsərləri:
1919 – "Azərbaycan". Xor və orkestr üçün. Sözləri Əhməd Cavadındır.
"Milli marş". Xor və orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
1930 – "Himn". Xor və simfonik orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
1934 – "Kantata". M. Firdovsinin 1000 illiyinə həsr olunub. Xor və simfonik orkestr üçün.
"Qızıl əsgər marşı". Solist, xor və fortepiano üçün. Sözləri Məmməd Səid Ordubadinindir.
1936 – "Azərbaycan xalq mahnılarının xor üçün işləmələri". Xalq çalğı alətləri ansamblı və ya fortepianonun müşayiəti ilə xor üçün ("Ay bəri bax", "Gedək gəzək bağçada", "Aman nənə", "Nə gözəldir", "Lolo", "Sən gözəl", "Ləlli").
"Süvari marşı". Xor və fortepiano üçün.
"Piyadalar marşı". Xor və fortepiano üçün.
1938 – "Kantata". Solist, xor, simfonok orkestr və rəqs qrupu üçün. Sözləri Süleyman Rüstəmindir.
"Ölməz sənətkar Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə". Xor və fortepiano üçün. Sözləri H. Natiqindir.
1939 – "Kantata". Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün.
1942 – "Vətən və cəbhə" kantatası. Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
"Ey Vətən". Xor və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
1945 – "Azərbaycan SSR Dövlət himni". Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğun və Süleyman Rüstəmindir.
"Qələbə himni" ("Zəfər himni"). Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğunundur.
"Stalinə salam". Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.
1947 – "Kantata". Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur. Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.
Orkestr əsərləri 1928—1933
"Kolxoz çöllərində". Xalq çalğı alətləri orkestri üçün.
"Arazbarı". Simfonik orkestr üçün.
"Təntənəli marş". Azərbaycan Türk Teatrının 10 illiyinə həsr olunmuşdur. Simfonik orkestr üçün.
"Fantaziya №1". Xalq çalğı alətləri orkestri üçün.
"Fantaziya №2". Xalq çalğı alətləri orkestri üçün.
"Cəngi". Xalq çalğı alətləri orkestri üçün (1941).
Kamera-instrumental əsərləri 1925—1945
"Aşıqsayağı". Skripka, violonçel və fortepiano üçün.
"Uşaq albomu". Fortepiano üçün.
"Sonatina". Fortepiano üçün.
"Uşaq pyesləri". Fortepiano üçün.
Xoreoqrafik miniatürlər (1919)
Azərbaycan. "Qaytağı" (Dağıstan).
Romans-qəzəllər
Nizaminin qəzəl dühası Üzeyir Hacıbəyov üçün yeni bir ilham mənbəyi olmuşdu. Nizami qəzəllərinin dərin mənası bu qəzəllərə layiq musiqi əsərləri yaratmağı tələb edirdi. "Sənsiz", "Sevgili canan" kimi qəzəl incilərinə layiq musiqi əsərləri yaradan böyük sənətkarımız, Üzeyir Hacıbəyov olmuşdur. Nizami dühasına Üzeyir musiqisinin əlavə olunması təkrarolunmaz romansların yaradılmasına səbəb oldu.

"Sənsiz". Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Cəfər Xəndanındır) (1941). Şikəsteyi-fars üstündə yazılmışdır. "Sənsiz" qəzəli bir tənhalığın, sənsizliyin ürək çırpıntısıdır.
"Sevgili canan". Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Mirvarid Dilbazinindir) (1943). "Bayatı Şiraz" muğamı üzərində qurulmuşdur. "Sevgili canan" qəzəli bir gözəlin tə'rifini verir.

Mahnılar

"Çırpınırdı Qara dəniz". Səs və fortepiano üçün. Sözləri Əhməd Cavadındır (1918).
"Yetim quzu". Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil (1927).
"Bir quş düşdü havadan". Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil (1927).
"Qaragöz". Səs və xalq çalğı alətləri ansamblı üçün. Sözləri H. Natiqindir (1930).
"Komsomolçu qız". Səs və fortepiano üçün. Sözləri Məmmədhüseyn Təhmasibindir (1932).
1933—1934
"Süvari mahnısı". Səs və fortepiano üçün. Sözləri H. Natiqindir.
"Pilotlar". Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.
"Bayram günü". Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.
"Çağırış". Səs və fortepiano üçün. Sözləri S. Əliyevanındır (İlk variantı "Mazut" adı ilə 30-cu illərdə yazılıb) (1941).
"Şəfqət bacısı". Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur. İfa edən: Şövkət Ələkbərova (1941)
1942
"Vətən ordusu". Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
"Yaxşı yol". Səs və fortepiano üçün. Sözləri Süleyman Rüstəmindir. İfa edən: Şövkət Ələkbərova
"Ananın oğluna nəsihəti. Səs və fortepiano üçün. Sözləri aşıq M. Bayramovundur.
"Döyüşçülər marşı". Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.