"National Geographic"nin iranlı fotoqrafı Şuşa mənzərələrini paylaşdı

"National Geographic"nin iranlı fotoqrafı Şuşa mənzərələrini paylaşdı
"National Geographic"nin fotoqrafı: "Şuşada sonuncu çay..." İran əsilli məşhur Fransa fotoqrafı, "National Geographic" jurnalı ilə əməkdaşlıq edən Rza Diqqəti "Instagram" səhifəsində Şuşa ilə bağlı paylaşım edib. Reza ləqəbi ilə tanınan fotoqraf Rza Diqqəti Şuşada 1992-ci ildə çəkdiyi fotoları ilə diqqət çəkib. O, fotoları “Şuşada sonuncu çay -1992-ci il” başlığı ilə paylaşıb. O qeyd edib ki, Şuşa Qarabağ bölgəsinin tarixi və mədəni mərkəzi və Azərbaycanın son strateji dayağı idi: “1992-ci ilin aprel ayında Şuşaya gedən bütün yollar erməni qoşunları tərəfindən nəzarətə götürülmüşdü, azərbaycanlılar üçün vacib olan şəhərə çatmaq üçün dağın üstündən keçmək lazım idi. Bundan başqa, aylarla mühasirədə qalan erməni hərbçiləri 8 may 1992-ci ildə şəhəri ələ keçirmək üçün əməliyyatlara başladılar. Üç tərəfdən hücuma keçdilər, Azərbaycan hərbi hissələrini və mülki insanları yerləşdikləri təpələrdə mühasirəyə aldılar. Erməni silahlı qüvvələri saatlarla qəsəbəni bombaladılar, yüzlərlə kişi, qadın və uşağı yaralayıb, öldürdülər. Qəsəbəni ələ keçirdikdən sonra quldurlar və vandallar əsas mədəniyyət mərkəzlərini, muzeyləri, məscidləri və məktəbləri yandırdılar. Şuşadakı mədəni məkanların əksəriyyəti talan edildi və ya yandırıldı, bütün Azərbaycan sakinləri isə qaçmağa məcbur edildi. Şuşa şəhəri Azərbaycanın erməni hərbçilərinin ələ keçirdiyi böyük şəhərlərdən biridir”. Xatırladaq ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Rza Diqqəti 20 yanvar hadisələrini, o cümlədən də, Xocalı soyqırımının şahidlərini lentə alıb. Bundan başqa, müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü dəfələrlə təhdid edilib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza Diqqəti isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa elə də nümayiş etdirib.