Pianoçumuz Beynəlxalq Müsabiqəsinin qalibi oldu

Pianoçumuz Beynəlxalq Müsabiqəsinin qalibi oldu
Azərbaycanlı pianoçu Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi oldu Pianoçu Toğrul Hüseynli Almaniyada keçirilən Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub. 8-11 sentyabr tarixində Almaniyanın Axen şəhərinin Konservatoriyasında keçirilmiş Pianoçuların XIV Motsart Beynəlxalq Müsabiqəsi böyük tarixə malik, Avropanın ən böyük müsabiqələrindən biridir. Bu il baş tutan müsabiqədə Almaniya, İtaliya, Belçika, Rusiya və Fransadan gəlmiş məşhur musiqiçilərin iştirakı ilə 8 münsif - pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç) və Volfram Şmit-Leonardi (Almaniya) və başqaları iştirak ediblər. Müsabiqənin təşkilatçıları Almaniyanın Köln, Axen Konservatoriyaları və Axen şəhərinin İcra Hakimiyyəti olub. Müsabiqənin ilk 2 mərhələsi Axen Konservatoriyasında, final mərhələsi isə Axen şəhərinin məşhur “Bal” zalında keçirilib. Bu müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qaydada keçirilən ilk müsabiqə olub, alman mətbuatında geniş işıqlandırılıb. Müsabiqənin 2-ci və 3-cü mərhələləri “Youtube” kanalı vasitəsilə canlı yayımlanaraq təqdim olunub. “Simfonik etüdlər” silsiləsi və L.V.Behhovenin “Avrora” sonatası ilə çıxış edib. Mürəkkəb proqram şərtləri və 3 mərhələli müsabiqədə dünyanın 13 ölkəsindən - İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Rumıniya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçı qatılıb. Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bilib. İkinci mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın “Simfonik etüdlər” silsiləsi və L.V.Behhovenin “Avrora” sonatası ilə çıxış edib. Müsabiqənin finalına ancaq 3 iştirakçı - Toğrul Hüseynli, Ukrayna və Çinin pianoçuları keçib. Finalda Toğrul Hüsenli V.A.Motsartın KV310 və S. Prokofyevin 7 saylı sonatalarını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoyub. Birinci dərəcəli mükafat yalnız Toğrul Hüseynliyə təqdim edilib. Qeyd edək ki, Toğrul Hüseyinli politoloq Qabil Hüseyinlinin oğludur. O, Bakı Musiqi Akademiyasına qəbul olunduqdan 1 il sonra Almaniyanın Köln şəhərinə yollanıb. Akademiyanı bitirəndən sonra dövlət proqramı xətti ilə təhsilini Almanaiyada davam etdirib. Köln Musiqi Konservatoriyasının fortepiano şöbəsinin bakalavr pilləsini fərqlənmə ilə bitirən Toğrul Hüseynli həmin ali məktəbin magistratutasında təhsil alıb. T.Hüseynli pianoçu kimi bir sıra beynəlxalq musiqi yarışmalarında uğurla çıxış edərək mükafatlar qazanıb. Təsadüfi deyil ki, Köln Musiqi Konservatoriyası İtaliyada keçirilmiş musiqi yarışmasına öz tələbələri sırasından yalnız Toğrulu seçərək göndərib. T.Hüseynli 2015-ci il 20-27 noyabr tarixlərində İspaniya kralının sponsorluğu ilə keçirilən 29-cu Beynəlxalq Piano yarışmasında bir çox musiqiçilərin arasında fəxri ikinci yeri tutub. T.Hüseynli bu müsabiqədə ən gənc iştirakçı olub. Müsabiqədə dünyanın 29 müxtəlif ölkəsindən olan pianoçu gücünü sınayıb. O, Fərhad Bədəlbəylidən sonra Azərbaycan piano sənətində ikinci şəxsdir ki, beynəlxalq yarışlarda laureat olub. Onu İspaniyada fantastik musiqiçi adlandırıblar. Toğrulun arzusu solo pianoçu kimi Azərbaycan adını ən böyük musiqi arenalarında təmsil etməkdir. O, əzmkarlığı və böyük istedadı ilə arzularının zirvəsinə ucalmaqdadır.