Qarabağ inciləri- Ağoğlan məbədi

Qarabağ inciləri- Ağoğlan məbədi

Ağoğlan məbədi-Laçının tarixi abidələri

Vetenugrunda.az oxucularına Azərbaycanın qədim mədəniyyətini, incəsənətini xatırlatmaqda davam edir. Bu dəfə oxucularımıza Ağoğlan məbədi haqqında məlumat verəcəyik.

Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyinin sədri Faiq İsmayılovun Kosalar(Ağoğlan) kəndi və Ağoğlan məbədi haqqında verdiyi məlumatda deyilir: “Kosalar (Kosalı) kəndi (sonralar bu kənd Ağoğlankənd adlandırılırdı) Qaraçorlu mahalının ən qədim yaşayış məntəqələrindəndir.

Kosalar kəndi Qarıqışlaq-Laçın şose yolunun 2-ci kilometrliyində Minkənd çayının sağ sahili istiqamətində çaydan cəmi 100-120 metr məsafədə dəniz səviyyəsindən 1250-1300 metr yüksəklikdə Zəngəzur vilayətinin ermənilərə bağışlanmış yaşayış məntəqələri olan, Xəzinəvar (Xoznavar) və Bayandur kənd ərazilərinin kəsişdiyi yerdə yerləşir. Tarixi baxımdan bu kəndin ərazisində hələ tədqiq olunmamış çox zəngin tarix və tədəniyyət abidələri vardır.

Bu kəndin ərazisindəki yeraltı keçidlər, sujetli daşlar və digər daşınan və daşınmaz memarlıq abidələri Azərbaycan tarixini çox qədim zamanlara hətta antik dövrlərə qədər aparıb çıxarır. Kosalar kəndinin ən möhtəşəm abidəsi, IV-IX əsrə aid olan Qafqaz Albaniyası dövrünə məxsusluğu güman edilən Ağoğlan qəsr kompleksidir.

Bu qəsr kompleksi dağın ətəyində yerləşir. Bu dağın zirvəsində antik qala müşahidə qalası var idi.

Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlamış və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib. Əvvəllər məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapıb.

Qaranquş qəsri yoxsa, Ağoğlan məbədi?

Belə rəvayət edilir ki, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olub və bu məkanda qəsr tikdirmək qərarına gəlib. Ətrafında yerli əhalidən tikinti işini bacaran könüllülərindən dəstə toplayıb işə başlayıb.

Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı olduğundan yerli əhali onu "Ağoğlan" adlandırıb.

Tikilən qəsr vaxtilə "Qaranquş qəsri" adı ilə də tanınıb. Bununla bağlı rəvayət də çox maraqlıdır. Deyilənə görə, günlərin bir günü, günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışırmış. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa edir, lakin heç nə anlamırmırlar. Anidən qaranquş özünü qaynar qazanın içinə atıb öldürür. Bundan qəzəblənən aşpaz yeməyi kənara boşaldarkən qazanda ilan ölüsü olduğunu görür. Camaat isə heyrətdən donub qalır. Qəsrin sahibi xilaskar quşun ölüsünü təntənə ilə tikilinin yanında basdırır, qəsri də onun şərəfinə "Qaranquş qəsri" adlandırır. Lakin zaman ötdükcə qəsrin bu adı unudulur. Bu qəsr məbədə çevriləndən sonra isə xalq arasında onu tikdirənin şərəfinə "Ağoğlan" kimi tanınır.

Məbəd kifayət qədər böyük ölçülərə malikdir. Plan baxımından üç nefli olan düzbucalı bazilikadan ibarətdir. İbadət zalının bütün nefləri silindrik formalı tağlarla örtülmüşdür. İnteryer baxımından bazilika möhkəm yerli daş olan bazaltdan inşa edilmişdir.

Tikilinin fasadının yan tərəfində zala yeganə giriş oyuğu var. Fasadın hamar səthləri yuxarı hissədə isə bir-birindən uzaq məsafədə yerləşmiş ensiz pəncərə oyuqları ilə kəsilir və zalın daxili məkanına bu oyuqlardan işıq düşür. Ağoğlan məbədinin daxili divarları yonulub iri, qara daşlarla üzlənib.

Vaxtilə divarlarda, mala üzərində tematik çoxrəngli rəsmlər çəkilib. Onların çox hissəsi zamanla silinsə də, şimal divarında indiyədək qismən freska rəsmli fraqmentlər qalmaqdadır.

Ağoğlan məbədi üzərində erməni talanı və yalanı

Zalın interyerinin yuxarı hissələrində daş üzərində dekorativ oymalar tətbiq edilib. 1992-ci ildə erməni qəsbkarları ərazini işğal etdikdən sonra Ağoğlan məbədini özününküləşdirməyə başlayıb, hətta adını dəyişib "Sisernavank" qoyublar. Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silib, formalarını dəyişdiriblər.

Məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkidiblər. Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırıb, binanın fasadını söküb kirəmid və dəmirlə əvəzləyivlər.

2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırımı siyasəti yürütdürdüklərini bir daha əyani şəkildə göstərdilər.

Laçın abidələri

Tarixi-dini abidələri

Məscid (1718-ci il) – Qarqışlaq kəndi (İNV № 4733) Məbəd (XVII əsr) – Piçənis kəndi (İNV № 4737) Məscid – Piçənis kəndi (İNV № 4736) Məscid – Piçənis kəndi (İNV № 4738) Məbəd (XII əsr) – Qorçu kəndi (İNV № 4739) Məbəd (X əsr) – Aşağı Fərəcan kəndi (İNV № 4740) Məbəd (XV əsr) – Şalva kəndi (İNV № 4741) Məbəd (XV əsr) – Əhmədli kəndi (İNV № 4742) Məbəd (XV əsr) – Minkənd kəndi (İNV № 4745) Məbəd (XV əsr) – Minkənd kəndi (İNV № 4746) Məbəd (XV əsr) – Mirik kəndi (İNV № 4758) Məbəd (XIX əsr) – Sonasar kəndi (İNV № 4762) Məbəd (XVII əsr) – Sadınlar kəndi (İNV № 4764) Məbəd (XVII əsr) – Hoçaz kəndi (İNV № 4724) Mağara məbədi (V əsr) – Hoçaz kəndi (İNV № 4764) Düzbucaqlı məscid-mədrəsə (1790-1791) – Cicimli kəndi

Ziyarətgahlar

Məlik Əjdər türbəsi (XIV əsr) – Cicimli kəndi (İNV № 311) Türbə (XVII-XVIII əsrlər) – Cicimli kəndi (İNV № 312) Sultan Baba piri (XIX əsr) – Zeyvə kəndi (İNV № 4764) Türbə - Güləbird kəndi (İNV № 4726) “Ağbaxt xeyir” türbəsi – Əhmədli kəndi (İNV № 4743) Soltanbaba türbəsi (XIX əsr) – Zeyvə kəndi (İNV № 4729) Şeyx Əhməd türbəsi (XIX əsr) – Zeyvə kəndi (İNV № 4730) Türbə (XIX əsr) – Zeyvə kəndi (İNV № 4731) Dəmirovlu Pir məbədi – Qarıqışlaq kəndi (İNV № 4730) “Aşığ” qəbiristanlığı (orta əsrlər) – Mezmazak kəndi (İNV № 5923) Qəbiristan (orta əsrlər) – Abdallar kəndi (İNV № 5924) Araxışda türbəsi (XVI əsr) – Ərikli kəndi Qarasaqqal türbəsi (XVI əsr) – Ərikli kəndi Xəlifə türbəsi (XVII əsr) – Malxələf kəndi Türbə (XIX əsr) – Zeyvə kəndi Ağa Baba piri – Seyidlər kəndi Əli bulağı piri – Hocaz kəndi Xəlif piri – Məlikpaya kəndi Seyid Kərimin ocağı – Farraş kəndi Yer daş piri – Qarakeşiş kəndi Xəlifə qəbri ziyarətgahı – Malıbəy kəndi Alı Xəlifə ocağı – Böyük Seyidlər kəndi Seyid Hüseyn ağa ziyarətgahı – Böyük Seyidlər kəndi Güllü qəbir piri – Böyük Seyidlər kəndi

Tarixi memarlıq abidələri

Körpü (X əsr) - Aşağı Fərəcan kəndi (İNV № 4740)

Qala (XV əsr) – Mirik kəndi (İNV № 4757)

Daş qutusu (Dəmir dövrü) – Abdallar kəndi (İNV № 1457)

Kurqan (Dəmir dövrü) – Cicimli kəndi (“Qızqəbri” kurqanından 200-280 m aralı) (İNV № 1458) “Qızqəbri” kurqanı (dəmir dövrü) – Cicimli kəndi (İNV № 1459) Kurqan (Dəmir dövrü) – Cicimli kəndi (İNV № 1460) Kurqan (Tunc dövrü) – Ziyrik kəndi (İNV № 1461) Kurqan (Dəmir dövrü) – Qoçaz kəndi (İNV № 1462) Kurqan (Dəmir dövrü) – Güləbird kəndi (İNV № 1463) Üzərində ərəb yazıları olan daş at fiquru (XVI əsr) – Malıbəy kəndi (İNV № 6171) Üzərində ərəb yazıları olan daş at fiquru (XVI əsr) – Malıbəy kəndi (İNV № 6172) Daş at fiquru – Malıbəy kəndi (İNV № 6173) Üzərində ərəb yazıları olan daş at fiquru (XVII əsr) – Güləbird kəndi (İNV № 6174) Daş at fiquru – Güləbird kəndi (İNV № 6175) Üzərində ərəb yazıları olan daş at fiquru – Güləbird kəndi (İNV № 6176) Daş qoyun fiquru – Küsülü kəndi (İNV № 6177) Daş qoyun fiquru (XVII əsr) – Keçmiş Xallanlı kəndi (İNV № 6178) Daş at fiquru – Keçmiş Xallanlı kəndi (İNV № 6179) Kafir-qala (XVII əsr) – Zeyvə kəndi (İNV № 4732) Birtağlı körpü (XIX əsr) – Minkənd kəndi (İNV № 4748) İkitağlı körpü (XIX əsr) – Minkənd kəndi (İNV № 4747) Birtağlı körpü (XIX əsr) – Zabux kəndi (İNV № 4754) Soltan Əhməd sarayı (XIV əsr) – Soltanlar kəndi (İNV № 4728) Həmzə Soltan sarayı (1761-ci il) – Hüsulu kəndi (İNV № 4727) Sarı Aşığın ev muzeyi – Güləbird kəndi (İNV № 5670) Laçın Tarix-diyarşünaslıq Muzeyi – Laçın şəhəri