Şəhid ailəsi 300 manat, aşıq 1450 manat prezident təqaüdü alır

Şəhid ailəsi 300 manat, aşıq 1450 manat prezident təqaüdü alır

Azərbaycanda Qarabağ döyüşçüləri aylıq 80 manat prezident təqaüdü alırlar.

Maraqlıdır, prezident təqaüdü hamıya eyni məbləğdə verilirmi?

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, aşıq Ulduz Sönməz 1 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüülüb.

Əməkdar Mədəniyyət işçisi Ulduz Sönməz aldığı təqaüdün miqdarını açıqlayıb. O, ayda 1450 manat prezident təqaüdü alır.

2019-cu ilin yanvar ayında ölkə başçısı İlham Əliyevin fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Fərmandan öncə bu məbləğ 242 manat təşkil edib.

Qeyd edək ki, prezident təqaüdü Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün təyin edilmiş fərdi təqaüddür.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli fərmanı ilə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə təsis edilib.

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin 2018-ci ilin sentyabr ayında verdiyi açıqlamaya görə Azərbaycanda 62,5 min insanın Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilib.