"Sabira, hər il əza saxla Əliəkbərə sən..."

"Sabira, hər il əza saxla Əliəkbərə sən..."

Azərbaycan ziyalısı, şair, satiranın ustadı, ictimai xadim, filosof və Mirzə Ələkbər Sabir - (Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 30 may 1862-ci ildə Şamaxıda dünyaya gəlib.

Vetenugrunda.az oxucularına şairi doğum günündə xatırladacaq.

Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə, onu mollaxanaya qoymuşdu. O, 12 yaşına qədər mədrəsədətəhsil alıb, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxuyub.

 Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" 3 misrası ilə başlanan mənzum hekayədən bir parça olur.

Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədib. Bununla belə Ələkbər yenə də oxuyub yazmağında davam edib. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.

Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedib. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa şəhərləri gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olub.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənib . On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlib. 1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi dağılır və ailəsi həlak olur.

Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.

XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmayıb. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin o zaman Sabirə mənəvi cəhətdən böyük kömək edib. Onlar Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünüb. 1903-cü ildə Şərqi-Rus qəzetində onun şeiri çap olunub. Bir qədər sonra isə o, Həyat qəzetində şeir çap etdirib. 1906-cı ildə Molla Nəsrəddin jurnalının ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlib. O, Bakıya gəlib bir müddət İrşad qəzetinin redaksiyasında korrektor işləyib və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşıb. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yerinin boşalacağı barədə yazılırdı. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirirdi.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.

Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlib. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayıb.

Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olub. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.

1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin o buna razı olmur. O, Şamaxıya qayıdır.

"Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.İ.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

"Cin görürəm, şeytan görürəm qorxmuram,

Harda müsəlman görürəm qorxuram" deyən şairin əsas hədəflərindən biri də yalançı, fırıldaqçı dindarlar idi. 

Din uğrunda Şəhid olan imamlarımıza olan eşqi bunu deməyə bir daha əsas verir:

"Sabira, hər il əza saxla Əliəkbərə sən,

Kərbəladə gədib ağla o şahi davərə sən,

Gəl qiyamətdə bu cəm ilə səfi, məşhərə sən,

Qalma həsrət iki dünyada bu mövla üzünə".

1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin Məzarı Şamaxıda "Yeddi Güşə"dədir.