Şuşa və Xankəndini erməni işğalından azad edən generalın kəndi-KÜRDHACI

Şuşa və Xankəndini erməni işğalından azad edən generalın kəndi-KÜRDHACI

Azərbaycanın cənnət məkanlarından biri də Laçın rayonunun Kürdhacı kəndidir.

Bu kənd Kürdhacıçayın sahilində, Qarabağ silsiləsinin yamacındadır. Keçmiş adı Qasımuşağı olub. 

Torpaq iddiası ilə 1988-ci ilin əvvəllərindən ermənilər müharibəyə başladı. Nəhayət, 1992-ci il 18 may tarixdə Laçın şəhəri və şəhərə yaxın ərazilər ermənilər tərəfindən işğal edildi.

Kənd 29 may 1992-ci il tarixə qədər müdafiə olunsada, sonda erməni işğalçıları tərəfindən  əksəriyyəti yandırıldı. Kənddə yaşayış yenidən bərpa edilsədə, 02-03 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonunun işğalından sonra mühasirədə qalan kənd sakinləri məcburən kəndi tərk etdilər.

Əslində Kürdhacı kəndi Azərbaycanın gözəl və əsrarəngiz mahallarından biri olan Zəngəzur mahalında sayılıb seçilən obalardan biri olub. 

Kürdhacı kəndi XVIII yüzildə boş sahə olub. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Həmin tayfa orda binə bağlayıb.

Kürdhacı kəndi əvvəllər əsasən xərək, potuğa, qara dam, dam, şirvanı dam (yerli şəraitə uyğun yer altı qazmadan düzəldilmiş olan tikililər) adlanan xüsusi tikililərdən ibarət olub. Zaman ötdükcə yerli tikinti materiallarından daş evlər inşa edilib. Evlərin damı palıddan hazırlanmış taxta kirəmit ilə bağlanırdı. Belə tikililərdən bir neçəsi ermənilərin törətdikləri məlum 1992-ci il hadisələrinə qədər qalırdı.

Türkhacı, Özbəkhacı ola bilmədiyi kimi kürd və ya qurdhacı da ola bilməz. Həmşinin haca gedən şəxsin titulu onun adının əvvəlində işlənir. Odur ki, bu kəndin əsil adı Qurdqajıdır. Qədim dövrlərdə türkləri qurd adlandırmışlar. Əbülqasım Firdovsi isə türklərin yaşadığı ölkəni "Qurdlar ölkəsi" adlandırmışdır. Beləliklə, lap qədimdən qurd türk millətinin onqonu sayılmışdır. Qurdqajı sözü mürəkkəb söz olmaqla iki hissədən ibarət olan qurd və qaj sözlərindən alınmışdır.

Türkdilli xalqlar arasında qurd sözü bildiyimiz kimi igid, mərd, qoçaq, ərən mənasında işlənir. Bu söz bizim dilimizdə öz mənasını bu günə qədər də saxlamaqdadır. "Filankəs qurd adamdır", "Filankəs köhnə qurddur" ifadələrində olan bu sözlər də yuxarıdakı mənalarda işlənmişdir. Sözün ikinci hissəsi olan "qajı" sözü dilimizdə bu günə qədər də işlədilən qaj sözüdür. Bu söz hazırda rayon və kəndlərimizdə arx, lək, çala, dərə mənasında işlədilir. Beləliklə, Qurdqajı sözünün ikinci hissəsi olan qaj sözü dərə mənasında işlənmişdir.

Göründüyü kimi Qurdqajı – igid dərəsi, mərd (qoçaq, ərən) dərəsi mənasında işlədilmişdir. Bu kəndin adının Qurdqajı olduğunu sübut edən sənəd Respublika Dövlət tarix arxivində 123-cü fondun 7 saylı işin 155-169-cu səhifələrində özünü qoruyub saxlayır. Bu qeydiyyat 1848-ci ildə qeydə alınmışdır. Kəndin yerləşdiyi ərazi ümumilikdə Qasımuşağı dərəsi adlandırılırdı.

Kəndin ərazisində Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, müxtəlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbiristanlığının qalıqları qalmışdır. Daşın başı, Daşın altı adlanan ərazilərdə belə qəbiristanlıq qalıqlarına və daş üstü yazılara rast gəlmək olurdu.

Mənəvi sərvətlərimizi min bir yolla oğurlayan mənfur erməni qonşularımız Kürdhacı kəndi ərazisində olan müxtəlif tipli tarixi Alban abidələrini də müxtəlif yollarla, dəyişikliklər aparmaqla onları özününküləşdirməyə çalışıb.

Kənddə orta məktəb, bağça, klub, kitabxana, rabitə şöbəsi, xəstəxana var idi.

Kəndin iqtisadi-ictimai həyatındakı müəyyən yüksəlişlər keçən əsrin əvvəlində ətraf kəndlərə nisbətən daha yaxşı hiss olunurdu. Kənddə kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması çox-çox əvvələrə təsadüf edir. Demək olar ki, bir çox ailələrdə toxucu dəzgah (hana və yer hanası) var idi. Onlar hazırladıqları yun, pambıq iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə, yun şal (parşa) və digər məmulatlar toxumağı bacarırdılar. Palıddan və vələsdən xarratlar müxtəlif məişət əşyaları hazırlayırdılar. Qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, daraq (yun daramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün), çəllək belə əşyalara misal ola bilər.

Kənd vaxtı ilə saxsı borularla su ilə təmin edilmişdir. Torpaq uçuntusu və qazma işləri aparılarkən bu boruların qalıqlarına rast gəlinirdi. Bundan əlavə kəndin bağ və bostanları arx vasitəsilə suvarılırdı. Son dövrlərdə dəmir və plasmas borularla kəndə su çəkilmişdir.

Kəndin ərazisində daşdan və taxtadan tikilmiş su dəyirmanları mövcud olmuşdur. Onlardan biri işlək vəziyyətdə 1992-ci ilədək qalırdı. Kənd qəbristanlığında daşdan yonulmuş iki qoç və at fiquru var idi. Sultan bəy Sultanovun atası Əlipaşa bəy Sultanovun məzarı da bu qəbristanlıqdadır.

Kürdhacı kəndi Bakı şəhərindən şose yolla 503 km qərbdə, rayon mərkəzindən şose yolla 53 km şimal-qərbdə, Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşir. Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 113 km-dir. Şərqdən Çorman, cənub-şərqdən və cənubdan Xaçınyalı, cənub-qərbdən Hacısamlı, şimal-qərbdən Muncuqlu, şimaldan və şimal-şərqdən Ərikli kəndlərinin ərazisi ilə həmsərhəd olan kənd meşə və çay kənarında, uca dağlar qoynunda yerləşib.

Meşələrində adı Qırmızı Kitaba düşmüş qırmızı palıd, közü gec sönən, həmişəyaşıl ardıc, çoxlu dərman bitkiləri bitir. Kəndin meşələrində meşə əmələ gətirən əsas ağac cinslərindən ən geniş yayılanı palıd və vələsdir. Bu ağaclar ən qədim dövrlərdən son zamanlara qədər bütün tikinti işlərində, müxtəlif alət və avadanlıqların düzəldilməsində istifadə edilirdi. Cır alma, armud, alça, yemişan, qaragilə, giviş, əzgil, qarağat, moruq, həmərsin (itburnu və yaxud dərgil), zirinc, dovşan alması və s. meyvə ağac və kolları meşələrin bəzəyidir.

Meşələrin heyvanlar aləmi də çox rəngarəngdir. Ayı, canavar, çöl pişiyi, çaqqal, tülkü, porsuq, gəlincik, əlik, donuz, dovşan, kirpi və digər heyvanlar bu meşələrin daimi sakinləridir. Quşlardan qaratoyuq, bülbül, ağacdələn, şanapipik, sərçə, qartal, quzğun, qızılquş, qırğı, çobanaldadan, bildirçin, alacəhrə, alabaxta, göyərçin, qaranquş, arıquşu, qarğa, alaqarğa, cur-cur, zığ-zığ və başqa quşlar yaşayır.

Kəndin ərazisində hər yerin öz adı var: Pirin başı, Yal yolu, Taxtalar, Düzlər, Kilsə yeri, Donuzlar damı, Əhəng quyuları, Qızıl qaya, Darı yeri, Sarı yarğan, Böyük oyuq, Kiçik oyuq, Orta güney, Qatar qaya, Kolavat, Almanın gərdəni, Kənd yeri, İnək piri, Duzlağın yalı, Qaranquş qayası, Çınqılın yalı, Binə, Bəzir yeri, Qarapalçıq, Ayrankəsən, Qaraxanköşən, Qunçanın yurdu, Pirinin yeri, Qobu, Şırlan dərəsi, Bəzirxana, Arxaş yeri, Alçalı təpə, Qənşər göl, Xırdalar, Gülpərinin yurdu, Tək palıd, Daşkəsən, Nal daş, Arpa dərəsi, Həlmə yuyulan, Dik yer, Zoğal ağacı, Baş yol, Orta yol, Aşağı yol, Zağalar və s.

Qozlu çayı kəndin şimaldan Muncuqlu kəndi ilə olan sərhədlərini, Şəlvə çayı isə qərbdən Hacısamlı ilə olan sərhədləri tamamlayır. Ərazidə olan Kürdhacı və Tükəzban paltaryuyan çayları kəndin ərazisindəki dağlardan, yüksəkliklərdən başlayır, Şəlvə çayına qoşularaq Həkəri çayı istiqamətində axır. İqlim şəraitindən asılı olaraq çayların suyunun həcmi fəsillər üzrə artıb azalır. Yaz və payız aylarında kəndin ərazisində olan Quru göl, Göl adlanan ərazidəki, Böyük göl (Camış göl), Orta göl, Kiçik göl gölləri də yağıntının miqdarından asılı olaraq öz ərazilərini genişləndirir.

Zirvəsi daima dumanlı, ağ örpəkli uca dağları, qışda ağappaq, yayda yam-yaşıl yorğana bürünmüş meşələri, kənarı hay-küylü çayları bulaqlarsız təsəvvür etmək günah olardı.

Burada hər bulağın öz dadı, adı və mənzərəsi könül oxşayır. Kəndin şərq tərəfində Daş bulaq, Novlu bulaq, Sarı bulaq, İmamverdi bulağı, cənub tərəfində Göy bulaq, qərb tərəfində Qoç nalı bulağı, Fındıqlı bulaq, şimal tərəfində Kor bulaq, Palçıqlı bulaq, Səltənətqaçan bulaq və başqa bu kimi çeşmələri göstərmək olar.

Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bütün amillərə öz təsirini göstərir.

 Kənd əhalisi işğala qədər milliyyətcə azərbaycanlılardan ibarət olub. Kənd əhalisinin az olmasına, ümumilikdə Qasımuşağı tayfası adlandırılmasına baxmayaraq onlar bir neçə tayfalara ayrılmışdır. Son zamanlar kənddə olan tayfalar – Nəbiuşağı tayfası (tirələri: Bayramlı, Şəvəndələr, Elyaslar), Mollahəsənli tayfası, Əhməduşağı tayfası, İbrahimuşağı tayfası idi.

XVIII yüzilliyin sonu XIX yüzilliyin əvvəllərində Qərbi Azərbaycanda baş vermiş təkmillətli Ermənistan yaratmaq məqsədi ilə oradan deportasiya edilmiş bir neçə ailə Kürdhacı kəndində məskunlaşmış, burada yaşayan əhali ilə qaynayıb qarışmışlar.

1981-ci ildə kənd əhalisinin sayı 386 nəfər olmuşdur. 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 566 nəfərdir (117 ailə).

Kürdhacı kəndi 1919-cu ilin mayınd Şuşa və Xankəndini erməni işğalından azad edən general Xosrov bəy Sultanovun doğulduğu kənddir.

Kəndin tanınmışları arasında 

Paşa bəy Sultanov - Zəngəzurda böyük mülkləri olan bəy, bölgədə müdrik kəlamları və öz qoçaqlığı ilə tanınmış şəxs olub.

Xosrov bəy Sultanov - dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri.

 Sultan bəy Sultanov - xalq qəhrəmanı.

Xıdır bəy Qaraçorlu - Qarabağ bəyi, Sultan bəyin ulu babası.

Xanmurad bəy Qaraçorlu - Qarabağ bəyi, Sultan bəyin babası.

Kamal bəy Paşayev - Azərbaycanın qədim soylarından biri olan Sultanovlar soyunun bir üzvü, Böyük Vətən müharibəsinin iştirakçısı.

Ələsgər Novruzov - Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı Şəhidi.

Xəqani Axundov - Qarabağ müharibəsi iştirakçısı, "İgidliyə görə" medalı ilə təltif edilmiş, Qarabağ müharibəsi Şəhidi.

Kommunistlərin fitvası ilə kolxozlaşma dövründə aparılan repressiya zamanı Kürdhacı kəndi də bir çox çətinliklərlə üzləşdi. Kənd əhalisi nə qədər fəallıq göstərsədə repressiya dövrü qurbansız ötmədi: 55 yaşlı Şahnəzərov Salman Muradxan oğlu (1883-18.3.1938) günahsız olduğu halda həbs olundu və güllələndi.

Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir, darı və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Qarapalçıq adlanan sahədə susuz (dəmyə) kartof becərilmişdir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir.

Bunlardan əlavə toxuculuq, arıçılıq, taxta-şalban istehsalı, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindəndir.

2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu erməni işğalından azad edilib.

Rəssam Maral Rəhmanqızının məşhur "Kürdhacı" tablosu bu kəndin gözəlliyini rrənglərin dili ilə ifadə edib.