Şuşada Saatlı məscidi-Qarabağ İNCİLƏRİ

Şuşada Saatlı məscidi-Qarabağ İNCİLƏRİ

1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmiş Saatlı məscidi -Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi abidədir. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, abidə memarın son əsərlərindən biri hesab edilir və Azərbaycan Respublikası Mədəniyyət və Turizm

Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda cümə məscidi və Bərdə imamzadə türbəsinin müəllifi olan Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib.

Bu haqqda məlumat məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilir. Məscidin inşa ediliyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. 

1980-ci illərdə məsciddə restavrasiya işləri aparılb. Şuşanın işğalından sonra məscid xarabalığa çevirilib, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılıb.

Memarlıq xüsusiyyətləri Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Belə ki, şəhərdəki bu tipli digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də, Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə ilə zəngin naxışlarla bəzədilmiş minarə inşa edilib.

Aşağı və Yuxarı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin minarəsi məscid binası ilə birləşik deyil və minarəyə giriş məscidin daxilindən yox həyətindən həyata keçirilir.

Saatlı məscidinin Divanxana meydanından effektiv görünən, ifadəli rəngarəng vertikalı ilə özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynayır.[2] Minarənin üstü çadır formalı gümbəzlə tamamlanır.

Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunub.