Cirə için, SAĞLAM OLUN!

Cirə için, SAĞLAM OLUN!

Cirə bir çox yeməklərə, şirniyyata, xüsusilə şorbalara ləzzət qatan şəfalı ədviyyatdır. O, ödəmi atır, qaz problemini həll edir.

Vetenugrunda.az oxucularını cirənin faydaları ilə tanış edəcək.

Vətəni Aralıq dənizi bölgəsi və Asiyanın qərb hissələri olan cirə lap qədim dövrlərdən qədim yunan, Roma və Yaxın Şərq mətbəxlərində istifadə edilib.

Azərbaycanda lap qədimdən un məmulatlarında cirə ətirli və dadlı ədviyyat kimi dəbdə olub.

Avropada da cirə çörək, pendir, biskvit və bir çox qənnadı məhsullarında istifadə edilir.

Orta əsrlərdən etibarən cirə Avropada sevgi və sədaqətin simvolu kimi qəbul edilib.

Cirə südverən analar üçün çox önəmlidir. Balla yeyildikdə ana südünü artırır.

Bu ədviyyatı qatıqla qarışdırıb yemək isə ikiqat xeyirdir. Bu qarışıq piyləri əritməklə yanaşı, üzün dərisini gözəlləşdirir, canlandırır, gözlərin işığını artırır.

Cirə eyni zamanda nəfəs yollarını təmizləyir, köpü aradan qaldırır, kişilərdə potensiyanı yaxşılaşdırır.

Cirə adətən müxtəlif qidaların, un məmulatların və turşuların hazırlanması zamanı ədviyyat kimi istifadə edilir.

Lakin bu bitki həmçinin geniş müalicəvi xüsusiyyətlərə malikdir. Onun tərkibində olan faydalı maddələr orqanizmə faydalıdır.

Cirə toxumu razyama toxumuna bənzəyir və oxşar faydaları var. Belə ki, cirə dəmləməsi də razyana kimi spazmları və köpü azaldır, aybaşı ərəfəsində başlayan ağrıları azaldır, qarnı yumşaldır. 

Cirə həzmi yaxşılaşdırır, mikrobları öldürür, iltihabı azaldır, nəfəs yollarını bəlğəmdən təmizləyir.

Bundan əlavə, cirə fitoestrogen tərkibi sayəsində sidik yolu ilə kalsiumun atılmasını azaldır, sümüklərin güclənməsinə kömək edir.

Bioloji cəhətdən aktiv tərkibli cirə diabet və diabet formalaşmasında iştirak edən fermentləri məhv edərək insulini balansda saxlayır. Bu isə qlükozanın səviyyəsinə nəzarət edir. Diabet xəstələri cirəni demək olar ki, istənilən yeməkdə istifadə edə bilərlər.

Cirə A, B, C, E vitaminləri, sink və seleniumun kimi zəngin tərkibi sayəsində saç və dəri sağlamlığını qoruyur. Fosfor isə sızanaq, dırnaq kimi problemləri aradan qaldırmağa kömək edir. Xüsusilə cirəli kremlərdəki güclü antioksidant sayılan E vitamini dərini yumşaldır. E vitamininin dezinfeksiya edici və antimikrob xüsusiyyətləri dəri ləkələrinin meydana gəlməsinə qarşı qoruyucu təsir yaradır.

Cirə bədənə zərər verən sərbəst radikallarla mübarizə aparan flavonoidlər və polifenol birləşmələrini ehtiva edir. Cirənin antioksidan təsiri sarıkök və qara bibər ilə birləşdiyi zaman iltihaba qarşı qalxan rolunu yaradır. Beləliklə, hipertoniya, 2-ci tip diabet, osteoporoz və alzheymer xəstəliyindən müdafiə edir.

Cirəni pendir və qatığa əlavə etmək ikiqat xeyirdir. Lakin ciddi hipoqlikemiyanız varsa, qan laxtalandırıcı dərman içirsinizsə və ya yaxınlarda əməliyyat olunmalısınızsa, cirə istifadəsində ehtiyatlı olun. Çünki cirə qan dövranını həddən artıq artıra bilir.

Bu bitkinin dəmləməsi eyni zamanda qaraciyərin və ödün fəaliyyətini yaxşılaşdırır.

Cirədən çox dadlı, ətirli və olduqca faydalı çay hazırlamaq olur. Cirəni müxtəlif  dərman bitkiləri və ədviyyatlarla birgə dəmləməsi çox xeyirlidir.

Cirə çayının hazırlanması

Termosda və ya çini çaynikdə dəmləyin ki, ətirli və faydalı olsun.

Oxuculara bir neçə dəmləmə təqdim edirik:

1 çay qaşığı cirəni 4-5 hil ilə birlikdə, iki stəkan qaynar suda dəmləyib, bir saat dəmə qoyursan. Bu dəmləmə əsəbləri sakitləşdirir, zehni yorğunluğu aradan qaldırır, baş ağrılarını aparır.

1 ç.q. cirə toxumlarının üzərinə 200 ml isti su əlavə edin, 1 saat ərzində termosda dəmləyin. Daha sonra gündə 2 dəfə 1/2 stəkan olmaqla için. Çaya bal əlavə etmək olar. Belə çayı köp və həzmin pozulması, qadınlarda menstruasiya ağrıları, bronxit və öskürək, baş ağrıları zamanı yaxşı kömək edir.

Həmçinin bu çayı profilaktik məqsədlə həftədə bir neçə dəfə adi çay əvəzinə içmək olar. Bu sizin orqanizminizə olduqca müsbət təsir edəcək.

1 çay qaşığı cirə toxumu, 1 çay qaşığı şüyüd toxumu, 5 ədəd mixək, yarım limonu isti suya əlavə edib 3 dəqiqə dəmləyin. Sonra ona yarım limon sıxın. Bu çay yağların yandırılma prosesini sürətləndirdiyi üçün əsas yeməkdən sonra bir stəkan içmək kifayətdir.

Bütün hallarda bitki çayları bir dəfə dəmlənib, iki gün ərzində içilir. Çünki 3-cü gün bitki çayı artıq öz tərkibini dəyişir və keyfiyyətini itirir.

Nuş olsun!