Hər gün alma yeyin

Hər gün alma yeyin

Almanın tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.

Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

Fin alimləri almanın müalicəvi dəyərlərini araşdırıblar. Onlar bu işlə nə az, nə çox, düz 25 il məşğul olublar.

Sonda qərara gəliblər ki, bu meyvənin tərkibindəki flavanoidlər orqanizmdə azad radikalların yaranmasının qarşısını alır. Belə ki, hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır.

Hər gün 1 alma yeyən insanın bağırsaqlarında faydalı bakteriyaların sayı artır. Bu isə metabolik prosesləri və immuniteti yaxşılaşdırır.

Danimarkalı alimlər sübut edir ki, almanın müntəzəm olaraq istehlakı həmçinin bağırsaqların divarlarını qoruyur və bununla da bağırsaq xəstəliklərinin riskini azaldır.

Alma sağlamlıq üçün çox qiymətli maddə olan pektinlə zəngindir. Pektin nazik bağırsaqda yağlı turşular və piylərin sovrulmasını azaldır ki, bu da xolesterinin səviyyəsini aşağı salır.

Həmçinin pektin bağırsaqlara detoks təsiri edir, qəbizliyin qarşısını almağa yardım edir.