Koronavirusun yaratdığı problemlər nə zaman yox olacaq?

Koronavirusun yaratdığı problemlər nə zaman yox olacaq?

Yeni növ koronavirus (COVID-19) infeksiyasını ağır keçirənlərdə xüsusən qalıq respirator simptomlar təxminən iki ay davam etsə də, daha sonra aradan qalxır.

Həmin simptomlara tənəffüsün çətinləşməsi, dərindən nəfəs ala bilməmək hissi və s. aiddir. Xəstələri daha çox narahat edən digər məsələ isə, iybilmə və dadbilmə hissinin itməsi və ya deformasiya olunmasıdır. İybilmə və dadbilmə hissinin bərpası da 2 həftədən 18 aya qədər davam etsə də, tamamilə bərpa olunur. Ona görə də həyəcanlanmaq və stresə düşmək lazım deyil. Bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, hər COVID-19 virusunun hüceyrə daxilinə nüfuz etməsi üçün üzərində tikanı xatırladan 40-a qədər struktur zülalı olur:

"Yoluxma zamanı həmin zülalın baş beyinə daxil olduğu təsdiq olunub. Lakin xəstəliyin keçirilmiş klinik formasından asılı olmayaraq, COVID-19-dan sağalan şəxslərdə baş beyinin infeksiyalaşmasını sübut edən patoloji dəyişikliklər müşahidə olunmur.

Həmçinin xəstəliyin kəskin dövrü və postcovıd mərhələsində onurğa beyinin mayesinin tərkibində də heç bir dəyişiklik baş vermir. Bu iki hal COVID-19-un baş beyinə birbaşa təsir göstərmədiyini sübut edir. Onu da qeyd edim ki, həmin zülal baş beyinin sinir elementlərində geridönməz pozuntular törədə bilməz".

M.Qəniyevin dediyinə görə, koronavirusun kəskin dövrü, eləcə də postcovıd mərhələsində müşahidə olunan bütün nevroloji problemlərin əsasında yalnız immun hiperaktivliyi, yəni "sitokin fırtınası" durur: "İmmun hiperaktivlik halı müalicə nəticəsində aradan qalxdıqdan sonra nevroloji pozuntular qeyri-şərtsiz olaraq, vaxt keçdikcə yox olur.

Pozulmuş funksiyaların bərpası, ilk növbədə, orqanizmin fərdi xüsusiyyətləri və xəstəliyin klinik gedişindən asılıdır. Məsələn, infeksiyanı yüngül formada pnevmoniya ilə birgə keçirmiş şəxslərdə təxminən bir ay sonra bütün fizioloji funksiyalar, o cümlədən operativ yaddaş pozuntusu tam olaraq aradan qalxır".(medicina.az)