Səhiyyə Nazirliyindən xəbərdarlıq - xəstəliklər gəlir

Səhiyyə Nazirliyindən xəbərdarlıq - xəstəliklər gəlir
Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir. Bu barədə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd olunub ki, COVID-19 pandemiyasının davam etdiyi müddətdə digər respirator xəstəliklərlə yanaşı, həm də mövsümi qrip xəstəliyinə yoluxmamaq üçün müəyyən qaydalara riayət etmək vacibdir: "İmmunitetin möhkəmləndirilməsinə nail olmaqdır. Bunun üçün düzgün qidalanmaya riayət etmək lazımdır. Vitaminlərlə zəngin meyvə-tərəvəzlərin qida rasionuna daxil edilməli, qapalı məkanların tez-tez havalandırılmalı, tibbi maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmalı və fiziki məsafənin qorunmasına diqqət yetirməlidir. Bununla yanaşı, qeyd edək ki, qripin qarşısının alınması üsullarından biri də vaksinasiyadır. Məhz bu vaksinasiyanın ölkəmizdə də aparılması məqsədilə Səhiyyə Naziri müvafiq əmr imzalayıb. Bu məqsədlə xüsusi əhali qrupları üçün ölkəyə mövsümi qrip əleyhinə vaksin artıq gətirilib". Qeyd edək ki, oktyabrın 12-dən başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək. Bu kampaniya zamanı ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcək. Kampaniya çərçivəsində bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər. Kampaniya 1 ay müddətində davam edəcək. Peyvənd pulsuz olacaq. Artıq yerlərdə bununla bağlı müvafiq hazırlıq işləri tamamlanıb.