"Avropa Məhkəməsinin qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir"

"Avropa Məhkəməsinin qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir"

Adil Əliyev: "Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir…"

"Azərbaycana və Macarıstana qarşı iddia qaldıran Ermənistanın bu addımı arxadan atılan daşa bənzəyir".

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin deputatı, vitse-spiker Adil Əliyev deyib. O, Avropa Məhkəməsinin Azərbaycan hərbiçisi Ramil Səfərov haqqında çıxardığı qərara münasibət bildirib: "Ramil Səfərov 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya olunub, üstündən 8 il keçsə də ermənilərin "hirsi" soyumayıb.

Ramil Səfərov Azərbaycanın fəxri oğludur. Onun yerində hansı soydaşımız olsaydı, Azərbaycan bayrağını təhqir edəni cəzalandırardı. Ermənistan hakimiyyəti hansı haqla Ramil Səfərovun işi üzrə maddi və mənəvi zərərin əvəzinin ödəilməsini tələb edir?

Ramil Səfərov 8 il Macarıstan həbsxanasında yatıb, Azərbaycana ekstradisiya olunub və dövlət başçısı İlham Əliyevin qərarıyla əfv edilib. Bəlkə ermənilər düşünürdülər ki, Macarıstanda 8 il həbs həyatı yaşayan Ramil Səfərov ömrünün qalan hissəsini də vətənində həbsdə yatmalı idi?

Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçılar onu qara-qara düşünsünlər ki, törətdiklərin cinayətlərə, işğala, qətliamlara və soyqırımlara görə cavab verməli olacaqlar.

Digər tərəfdən həmin Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə "Çıraqovlar və digərləri Ermənistana qarşı" qərarı var. Həmin qərara görə Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunub.

Bu, Azərbaycan torpaqlarının işğalının, yəni cinayətin rəsmən təsdiqidir. Avropa İnsan Hüquqları Məhkəməsindən "ədalət" tələb edən Ermənistan eyni təşkilatın bir başqa vacib qərarını yerinə yetirmək – işğala və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna son qoymaq istəmir.

Ona görə də Ermənistan hakimiyyətinin Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Özü də Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın əsas istəyini yerinə yetirməyib.

Birincisi, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir.

İkincisi, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia rədd edilib.

Azərbaycana, onun bayrağına və məmləkətimizin layiqli övladına dil uzadanlar layiqli cavablarını alıblar və bundan sonra da alacaqlar".

Qeyd edək ki, mayın 25-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM, Avropa Məhkəməsi) "Ramil Səfərov işi" ilə bağlı qərar çıxarıb.

Qərarda deyilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının "yaşamaq hüququ" (2-ci maddə) və "etnik ayrı-seçkiliyin qadağan olunması" (14-cü maddə) maddələrini "pozub".

Məhkəmənin qənaətinə görə, "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."

Məhkəmə qərarında "Azərbaycanın cinayətləri aydın və birmənalı olaraq "özününki kimi" "tanımadan" və "qəbul etmədən" öz zabiti tərəfindən şəxsi zəmində törədilən cinayətləri "təsdiq" və "təqdiri" barədə qeyd də edilib.

Qərarda deyilir ki, Macarıstanda cinayət araşdırmasının qüsurlu aparılması ilə bağlı kifayət qədər dəlil yoxdur.

Məhkəmə Macarıstanın zabitin Azərbaycana göndərməsində heç bir prosedur qaydanı pozmadığını, prosedurun Avropa Şurası Konvensiyasının məhbusların mübadiləsi qaydasına uyğun olduğunu açıqlayıb.

Məhkəməyə görə, macar rəsmilərinin məhbusun Azərbaycana qayıdandan sonra sərbəst olacağı barədə bildiyi və ya bilməsi gərəkməsi barədə dəlil yoxdur.

Qərara əsasən, Azərbaycan ərizəçilərə xərclərə görə 31 min 600 manat ödəməlidir.

Qərar Ermənistandan olan iki şikayətçi - Ramil Səfərovun öldürdüyü hərbiçi Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət əsasında verilib.