Bakıda "Öldürmə ədaləti, dayandır cinayəti!" şüarı ilə aksiya keçirilib

Bakıda "Öldürmə ədaləti, dayandır cinayəti!" şüarı ilə aksiya keçirilib

Mayın 14-də bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyıb.

Aksiyanın başlanmasından öncə Fəvvarələr Meydanına və ətraf ərazilərə çoxsaylı polis qüvvələri cəmləşdirilib. Çox sayda insan saxlanılsa da, aksiya baş tutub. Polis daha sonra saxlanılan etirazçıların hamısını sərbəst buraxıb.

Bakıda aksiya keçirilib Bakıda aksiya keçirilib Etirazçılar "Öldürmə ədaləti , dayandır cinayəti!", "Siyasi məhbuslara azadlıq!", "Mafiya dövləti istəmirik!", "Kriminal dövlət istəmirik!", "Polis haqqa yol ver!", "Qanunu ayaqlama, jurnalisti bıçaqlama!", "Rədd olsun diktatura!", "Biz milli hakimiyyət quracağıq!", "Millətə azadlıq!" və başqa şüarlar səsləndirib. Aksiyada həmçinin bu kimi digər şüarlar da qaldırılıb.

Etirazçıların ön cərgəsində siyasi fəal Tofiq Yaqublu, ictimai fəal Bəxtiyar Hacıyev, hüquq müdafiəçiləri Rüfət Səfərov, Zaur Əkbər, fəallar Nərmin Şahmarzadə, Fatma Mövlamlı, Rəbiyyə Məmmədova və digərləri olub.

Polis qüvvələri aksiya iştirakçılarını dövrəyə alıb və geniş əraziyə yayılmasına imkan verməyib. Polis etirazçıların Fəvvarələr Meydanından Daxili İşlər Nazirliyinin binasının yerləşdiyi Azərbaycan prospektinədək irəliləməsinə imkan verib.

Aksiya iştirakçısı Tükəzban Qasımova bildirib ki, gənc fəallar kriminal dövlət istəmir.

"Ölkədə demokratik rejim qurulanadək mübarizəmizi davam etdirəcəyik. Biz kriminal dövlət istəmirik."

Bakıda aksiya keçirilib Bakıda aksiya keçirilib Jurnalist Fatima Mövlamlı deyib ki, jurnalistlərin sakit şəriatdə işləməsini istəyir.

"Jurnalistin boğazına bıçaq dirəyib hədələnmısini istəmirik. Biz sakit şəraitdə jurnalist fəaliyyəti göstərmək istəyirik," o qeyd edib.

Siyasi funksioner Tofiq Yaqublu bildirib ki, ölkədəki kriminal rejimin sonu olmalıdır.

"Biz Azərbaycanın Rusiya, Şimali Koreya kimi rejimlərin gününə düşməsinə imkan verməyəcəyik. Dünyada müzakirə masasında Azərbaycanın yeri olmalıdır. Biz konstitusiya hüququmuza uyğun olaraq dinc aksiya keçiririk. Hökumətdən tələb edirik ki, cinayətkarların qarşısı alınsın.

İlham Əliyev cinayətkarların cəzalandırlmasını istəmirsə onları müdafiə edir. Aytən Məmmədovaya qarşı cinayətin üstü açılmır. Fəllara qarşı, jurnalistlərə qarşı cinayətlər baş verəndə təhlükəsizlik kameraları işləmir. Amma özlərinə lazım olanda işləyir. Biz kriminal dövlət istəmirik, demokratik dövlət istəyirik," Yaqublu qeyd edib.

Aksiyanın bəyanatında deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edir.

Bakıda aksiya keçirilib Bakıda aksiya keçirilib "Tofiq Yaqublunun polis bölməsindən çıxarılaraq vəhşicəsinə döyülməsi, jurnalist Əvəz Hafizlinin xüsusi amansızlıqla qətlə yetirilməsi, Samir Aşurov və digər mühacirlərin ölkəyə deportasiya edildikdən sonra işgəncəyə məruz qalaraq həbs edilməsi, Bəxtiyar Hacıyevin oğurlanaraq insan ləyaqətini alçaldan rəftara məruz qalması, nəhayət, jurnalist Aytən Məmmədovanın soyuq silahla özünün və azyaşlı övladının ölümlə hədələnməsi və digər bir çox fəal şəxslərə qarşı ictimailəşməmiş təhdidlərin olması, hüquq-mühafizə orqanlarının bu cinayətləri araşdırmaması onu göstərir ki, bu cinayətlər sistemli xarakter daşıyır," müraciətdə qeyd edilir. (amerikanın sesi)