Unun qiymətinə etiraz edənlər- 4 il həbs cəzası və dəhşətli işgəncələr

Unun qiymətinə etiraz edənlər- 4 il həbs cəzası və dəhşətli işgəncələr

Unun qiymətinin artmasına və işsizliyə etiraz etdiklərinə görə saxlanan və dəhşətli işgəncələr görən 11 nəfərə fərqli cəzalar verilsə də, hamısı eyni vaxtda azadlığa çıxdı. 

Vetenugrunda.az oxucularına 6 il öncə 13 yanvarda baş vermiş tarixi xatırladacaq. Öncədən xatırladım ki, bu etiraz aksiyasından sonra unun qiymətini aşağı salmışdılar. 

2016-cı il yanvarın 12 və 13-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verib. Eyni zamanda polis iştirakçıları dağıdaraq ərazidən uzaqlaşdırıb. Xeyli iştirakçını isə polis maşınlarna doldurub aparıblar. 

Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb. Bir neçə nəfərin barəsində inzibati cəza çıxarılıb. 11 nəfər, o cümlədən Fariz Kərimov, Abasət Süleymanov, Namiq Məstanov, Coşqun Bəgişov, Talib Ağamalıyev, Elçin Əliyev, Kamran Abdullayev, Nizami Qəniyev, Müslüm Əzimov, Zaur Şəkərov, Aydın Səfərli cinayət məsuliyyətinə cəlb edilib.

Saxlananlara qarşı amansız rəftar edilib. Onlara ağlasığmaz işgəncələr verilib. .

11 nəfərə qarşı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221- ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar irəli sürülüb.

Martın 29-da məhkəmə M.Əzimov və Z.Şəkərovu 6 il, F. Kərimov, A. Süleymanov, N.Məstanov, C. Bəgişov, T.Ağamalıyev, E. Əliyev, K.Abdullayev və N. Qəniyevi 4 il, A.Səfərlini 2 il azadlıqdan məhrum edib.

Vəkil E.Sadıqovla üç məhkumun – Z.Şəkərov, N.Qəniyev və C.Bəgişovun hüquqlarının müdafiəsi ilə bağlı müqavilə imzalanıb.

Vəkil ittihamın əsaslı olmamasına və ibtidai və məhkəmə istintaqı zamanı çoxsaylı pozuntuların olmasına görə hökmü qanunsuz hesab edib və bəraət qərarına nail olmaq niyyətində olduğunu bildirib. 

Hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdıqları Siyəzən məhbuslarının hamısı 2019-cu ilin martında azadlığa çıxıb.

Xatırladaq ki, 2016-cı ilin yanvarın 12 və 13-də respublikanın 4 bölgəsində - Fizuli, Ağcabədi, Ağsu və Siyəzəndə xalq bahalaşmaya etiraz etmişdi.