Cəbhəçi xanımlar Tofiq Yaqubluya azadlıq istədilər

Cəbhəçi xanımlar Tofiq Yaqubluya azadlıq istədilər
Bu gün, sentyabrın 8-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup xanım fəalı Bakının Binə qəsəbəsindəki “Femida” heykəli qarşısında aksiya keçiriblər. Xanım fəallar əllərini, ağızlarını bir müddət bağlı saxlayıblar. Onlar daha sonra əllərində “Tofiq bəyə azadlıq” və başqa şüarlar yazılan lövhələr tutublar, onların bəzilər də alınlarına "Azadlıq" yazılan lentlər bağlayıblar. Orada çıxış edən xanım fəallardan biri aksiyanın "Femida parkı"nda keçirilməsinin təsadüf olmadığını bildirib: “Əllərimizi, ağzımızı ona görə bağlamışıq ki, ölkədə haqq, ədalət yoxdur. Haqq, ədalət istəyənləri Tofiq Yaqublu kimi həbsə göndərirlər. Ona görə də biz Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq tələb edirik”. Aksiya iştirakçısı olan başqa bir xanım isə bunları deyib: “Biz ona görə aksiyanı burada keçirdik ki, bu ölkədə qanun şah deyil, şah qanundur. Biz azad, ədalətli, cəmiyyət, demokratik cəmiyyət istəyirik. Amma bu indiki hakimiyyətin zamanında mümkün deyil”. Aksiyaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Hüquq müdafiəçilərinin bildirməsinə görə, ölkədə 150 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Hazırda bir neçə fəal isə Müsavat Partiyasının qərargahında T.Yaqubluya dəstək məqsədi ilə aclıq aksiyası keçirdiyini bildirir. T.Yaqublunun özü də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı açıqlayıb. O bu gün, sentyabrın 8-də vəkili ilə görüşdə də aksiyanı davam etdirdiyini söyləyib.