Fəqan Məmmədovun məhkəməsində Arif Cəfərov ifadə verdi

Fəqan Məmmədovun məhkəməsində Arif Cəfərov ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlə məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə gəncəli fəal Fəqan Sədrəddin oğlu Məmmədovun işi ilə bağlı ilkin tanışlıq iclası baş tutub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, məhkəməyə Fəqan Məmmədovla bir yerdə saxlanan Arif Cəfərov şahid qismində ifadə vermək üçün çağırılıb. Arif Cəfərov Şəhriyar Mədəniyyət evindən üstünə "Ya Hüseyn" yazılan köynəkləri Bakıdan Gəncəyə, İmamzadə məscidində keçiriləəcək Aşura mərasiminə aparmaq üçün gəlib. O, bildirib ki, onlar saxlanandan 4 saat sonra üstləri yoxlanıb.

Arif Cəfərov və Fəqan Məmmədov hər ikisi ifadəsində bildirib ki, onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (bandotel) işgəncə veriblər. Lakin bütün işgəncələrə, "tok" verilməsi, döyülməsi və digər işgəncələrə dözüblər. Hər iki şəxsi ailə üzvləri ilə təhdid etdikdən sonra onlar hazır ifadəyə imza atıblar.

Fəqan Məmmədov və Arif Cəfərovla eyni avtomobildə tutulan Ümid Zalovun da şahid qismində məhkəmədə ifadə verməsi ilə bağlı növbəti məhkəmə prosesində vəsatət qaldıılacağı bildirilib.

Qeyd edək ki, ötən prosesdə çıxış edən Fəqan Məmmədov da günahsız olduğunu və şərləndiyini bildirib: 

"Cənab hakim, hakim Allahın adlarından biridir. Burdakı hakimlərdən birinin də adı Hüseyndir. Mən də bilirəm ki, siz cinayətkar olmadığıma əminsiz. Amma hər ehtimala qarşı istəyirəm baş verənləri dəqiq biləsiniz. Birdən şərləndiyimə dair azacıq da olsa şübhəniz yaranar. Mən Aşura tədbirləri üçün Bakıdan üstünə "Ya Hüseyn" yazılı köynəkləri apardığıma görə narkotiklə şərlənərək həbs olunmuşam. Yəni əslində məni yox, İmam Hüseyn məktəbini şərləyib bu sistem. Əslində bu şəxsimə deyil, eyni zamanda islama olan haqsızlıqdı."

Hakimlər növbəti məhkəmə prosesini 17 may saat 16:15-ə təyin ediblər.

Qeyd edək ki, ictimai fəal, inanclı, 1986-cı il təvəllüdlü Gəncə sakini Məmmədov Fəqan Sədrəddin oğlu 2021-ci ilin 2 sentyabr tarixində dostu Arif Orucov və Şəhid qardaşı Ümid Zalovla birgə yoxa çıxıb. Yaxınları sonradan onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını öyrənib. Yaxınları Fəqan Məmmədovun dostları ilə birlikdə Bakıdan üstünə "Ya Hüseyn" yazılan köynəkləri Gəncəyə apardıqları üçün oğurlandığını iddia edirlər.

Fəqan Məmmədova istintaq müddətində verilən dəhşətli işgəncələr haqqında Vetenugrunda.az-a verdiyi açıqlamada bildirib: "Məni üzüstə yerə yıxıb kürəyinmdə oturublar və saatlarla bu vəziyyətdə "toka" veridlər".

Şiddətli işgəncələrə dözən Fəqan Məmmədovu və Arif Orucovun təklif edilən ifadəyə imza atmadıqlarını gördükdə onları evlərindən narkotik çıxaracaqları və ailə üzvlərini də həbs edəcəkləri ilə təhdid ediblər.

Fəqan Məmmədov deyir ki, üstünə "Ya Hüseyn" yazılan köynəyin Bakıdan Gəncəyə aparılması əgər cinayətdirsə, bu cinayətə görə verilən cəzanı çəkməyə hazıram.

Fəqan Məmmədovu və dostu Arif Orucovu Azərbaycan Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə - külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması -maddəsi ilə ittiham ediblər.

Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Fəqan Məmmədov və Arif Orucov ailəlidir və hər iki şəxsin yolunu gözləyən körpələri var.

Qeyd edək ki, Şəhid Azər Zalovun qardaşı Ümid Mürsəl oğlu Zalovu oğurlayandan iki gün sonra sərbəst buraxıblar.