"Ermənistanla sülh sazişi imzalamaq istəyirik" - İlham Əliyev

"Ermənistanla sülh sazişi imzalamaq istəyirik" - İlham Əliyev

Mayın 18-də Litvanın ölkəmizdə səfərdə olan prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü zamanı Azərbaycan prezidenti İlham Əliyev Qarabağ probleminə də toxunub. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, ölkə başçısı işğaçı Ermənistanla sülh sazişinə razı olduğunu dilə gətirib: "Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var. Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. 

Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır.

Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var".

Qeyd edək ki, Litva Respublikasının Prezidenti Gitanas Nauseda mayın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Gitanas Nausedanı və xanımı Diana Nausedanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.