Ermənişünas alim Milli Şura və Milli Məclis yaradacaq

Ermənişünas alim Milli Şura və Milli Məclis yaradacaq

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs qrupu BAO-nun (Bütöv Azərbaycan Ocakları) təşkilatçılığı ilə keçirilən bir video- konfransda Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan edib.

Qafar Çaxmaqlı deyib ki, uzun illər Azərbaycan və Türkiyə ictimaiyyətinin gündəmində olan bu ideyanı gerçəkləşdirmək üçün bu dəfə qərarlı addım atıldı. Dünyanın müxtəlif yerlərində yaşayan Qərbi Azərbaycan kökənli insanların arzularının gerçəkləşməsi məqsədi daşıyan layihə gerçəkləşib. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edib. Ermənişünas alim əlavə edib ki, öncə bu respublikanın Milli Şurası fəaliyyətə keçəcək. Daha sonrakı mərhələdə respublikanın Milli Məclisi seçiləcək və hökümət formalaşdırılacaq:

"Bu cəhət nəzərə alınmalıdır ki, 1918-ci ildə Azərbaycan hökuməti İrəvanı ermənilərə müəyyən şərtlərlə vermişdi. Ermənilərə bu şərtlərə razılıq versələr də, sonradan bu şərtləri pozmuşlar. Zəngəzur və Dağlıq Qarabağa iddialardan əl çəkməmişlər. Onun biri Ermənistan deyilən dövlətə birləşdirilmiş, digəri isə hazırda işğal altındadır. Azərbaycan torpaqlarında yaradılan bu qondarma dövlətin ərazilərinə sonradan SSRİ rəhbərliyinin göstərdiyi "qayğı" nəticəsində bizim torpaqlardan əlavə "pay" torpaqlar qatılmaqla, Ermənistanın ərazisi 9 min kv. km-dən 29 min kv-km-ə çatdırılıb. Bunun ardınca da Azərbaycan türklərinin bu ərazilərdən müxtəlif bəhanələrlə və basqılarla köç etdirilmə siyasəti davam etdirilib. Bu köçürmə siyasəti isə dövlət səviyyəsində aparılıb. Onlardan bir örnək 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qərarıdır "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərara və çoxsaylı sənədlərə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan bizim tarixi vətənimizdir və burada bir dövlət quramağa haqqımız çatır.

Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürən və torpaqlarımızn bir hissəsini üçüncü onillikdir ki, işğal altında saxlayan Ermənistandan dədə- baba torpaqlarımızı, 1918-ci ildə müvəqqəti olaraq verdiyimiz İrəvan şəhərini, Zəngibasarı, Göyçəni, Zəngəzuru, Gümrünü, Dərələyəzi və digər tarixi ərazilərimizi geri tələb etməyin vaxtı çatmışdır. Biz bir qrup Qərbi Azərbaycan kökənli ziyalılar bu məqsədləri reallaşdırmaq və bu yerin insanlarının haqq və hüquqlarının müdafiə etmək üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edirik".