Fəqan Məmmədovun məhkəməsi avqusta təyin edildi

Fəqan Məmmədovun məhkəməsi avqusta təyin edildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə ictimai fəal Fəqan Məmmədovun məhkəməsi keçirilib.

 Giperssilka.ru-nun verdiyi xəbərə görə, növbəti məhkəmə prosesi 10 avqust saat 10:00-a təyin edilib.

YADDAŞ

1986-cı il təvəllüdlü Gəncə sakini Məmmədov Fəqan Sədrəddin oğlu 2021-ci ilin 2 sentyabr tarixində dostu Arif Orucov və Şəhid qardaşı Ümid Zalovla birgə yoxa çıxıb. Yaxınları sonradan onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını öyrənib. Fəqan Məmmədov dostları ilə birlikdə Bakıdan üstünə "Ya Hüseyn" yazılan köynəkləri Gəncəyə apardıqları üçün tutulublar.

Fəqana dəhşətli işgəncələr verilib. Onu üzüstə yerə yıxıb kürəyində oturublar və saatlarla bu vəziyyətdə toka veriblər. Şiddətli işgəncələrə dözən Fəqan Məmmədovun və Arif Orucovun təklif edilən ifadəyə imza atmadıqlarını gördükdə onları evlərindən narkotik çıxaracaqları və ailə üzvlərini də həbs edəcəkləri ilə təhdid ediblər.

Fəqan Məmmədov deyir ki, üstünə "Ya Hüseyn" yazılan köynəyin Bakıdan Gəncəyə aparılması əgər cinayətdirsə, bu cinayətə görə verilən cəzanı çəkməyə hazıram. Fəqan Məmmədovu Azərbaycan Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi ilə - külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması -maddəsi ilə ittiham ediblər.

2022-ci il iyun ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Fəqan Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Fəqan Məmmədovun həbsinin digər pərdəarxası səbəbi isə onun Gəncə işi-nə görə həbs edilən günahsızların ailələrinə hər zaman dəstək olması və onlara kömək etməsi olub.